Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır.
Daşkənddə yüksəksəviyyəli danışıqların, həmçinin Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi planlaşdırılır. Danışıqların sonunda bir sıra mühüm sənədlərin imzalanması, həmçinin iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə də nəzərdə tutulur.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Züriyyə Qarayeva bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin artıq ən yüksək siyasi mərhələyə yüksəldiyini göstərir:
“Səfər çərçivəsində İlham Əliyev və Şavkat Mirziyoyevin danışıqlar aparması, həmçinin Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasına sədrlik etməsi nəzərdə tutulur. Bu mexanizm iki ölkə arasındakı əməkdaşlığı ayrı-ayrı sahələr üzrə əlaqələrdən çıxararaq vahid strateji xətt üzrə idarə etməyə imkan verir. Tərəflərin 2024-cü ildə imzaladığı Müttəfiqlik Münasibətləri Haqqında Müqavilə isə siyasi dialoqun hüquqi əsasını daha da möhkəmləndirib. Buna görə indiki səfər əvvəlki razılaşmaların icrasını qiymətləndirmək və müttəfiqliyi konkret layihələrlə zənginləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır”.
Ekspertin sözlərinə görə, səfərin əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin siyasi münasibətlərin səviyyəsinə çatdırılması olacaq:
“Qarşılıqlı ticarətdə artım müşahidə edilsə də, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının real potensialı mövcud göstəricilərdən daha böyükdür. Buna görə tərəflər ticarət dövriyyəsinin artırılması ilə yanaşı, sənaye, kənd təsərrüfatı, toxuculuq, turizm, tikinti və xidmət sahələrində birgə istehsal imkanlarını nəzərdən keçirirlər. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti bu baxımdan mühüm maliyyə mexanizmi yaradır. Xankəndidə fəaliyyət göstərən birgə tikiş fabriki də əməkdaşlığın yalnız paytaxtlarla məhdudlaşmadığını, Qarabağın bərpasına və məşğulluğun təmin edilməsinə qədər uzandığını göstərir. Nəqliyyat və logistika məsələləri səfərin geosiyasi əhəmiyyətini daha da artırır. Özbəkistanın dünya okeanına birbaşa çıxışının olmaması bu ölkə üçün Azərbaycan üzərindən Türkiyə və Avropa istiqamətində daşımaları strateji zərurətə çevirir. Azərbaycan isə Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər donanması vasitəsilə Mərkəzi Asiyanın Qərbə açılan əsas qapılarından biri kimi çıxış edir. Orta Dəhliz üzrə yükdaşımaların artması Bakı–Daşkənd əməkdaşlığını ikitərəfli münasibətlərdən daha geniş Avrasiya miqyasına çıxarır. Zəngəzur dəhlizinin və digər regional kommunikasiya xətlərinin açılması perspektivi Özbəkistan məhsullarının Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınmasını daha sürətli və sərfəli edə bilər”.
Züriyyə Qarayeva əlavə edib ki, enerji sahəsində əməkdaşlıq da yeni strateji ölçü qazanır:
“Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzər dənizi vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsi istiqamətində formalaşan əməkdaşlıq gələcəkdə regionun enerji xəritəsini dəyişə bilər. Burada Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də Mərkəzi Asiya enerjisinin Avropa bazarına çatdırılmasını təmin edən tranzit ölkə mövqeyi qazanır. Özbəkistan isə böyük günəş və külək enerjisi potensialını Azərbaycanın yaratdığı nəqliyyat və enerji infrastrukturu ilə birləşdirmək imkanı əldə edir. Bu əməkdaşlıq hər iki ölkənin ənənəvi karbohidrogenlərdən kənar yeni iqtisadi sahələr yaratmaq və ixrac marşrutlarını şaxələndirmək siyasətinə uyğundur.
Ümumilikdə, İlham Əliyevin səfəri Azərbaycan–Özbəkistan münasibətlərini qardaşlıq və tarixi-mədəni yaxınlıq səviyyəsindən praktiki müttəfiqliyə daşıyan növbəti mərhələdir. Daşkənd və Bakı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsində, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi-iqtisadi bağlantının qurulmasında eyni mövqedən çıxış edirlər. Danışıqlardan sonra sənədlər paketinin imzalanmasının, eləcə də yeni iqtisadi və humanitar layihələrin işə salınmasının gözlənilməsi səfərin yalnız siyasi jest olmadığını göstərir. Əsas məsələ qəbul ediləcək qərarların real investisiyalara, artan yükdaşımaya və birgə istehsal müəssisələrinə çevrilməsidir. Bu məqsədlər həyata keçirilərsə, Azərbaycan–Özbəkistan tandemi Türk dünyası daxilində ən sistemli və nəticəyönümlü əməkdaşlıq modellərindən birinə çevrilə bilər”, – deyə politoloq vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
