Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlət yüksək sürətlə inkişaf edən hüquqi ölkəyə necə çevrildi? – ÖZƏLbackend

Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlət yüksək sürətlə inkişaf edən hüquqi ölkəyə necə çevrildi? - ÖZƏL

Sivilizasiyanın inkişafının hazırkı mərhələsində dövlətlərin demokratik inkişafı analitik tədqiqat obyektinə və müzakirə predmetinə çevrilən mühüm məsələlərdəndir. Bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məsələsi də böyük aktuallığa malikdir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğu bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır. Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzindədir.

Mövzunu KONKRET.az-a şərh edən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bir çox ciddi problemlərlə üzləşdi: “Xüsusən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində qısa müddət ərzində torpaqlarımızın 20 faizi işğal olundu, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrildi. Bununla yanaşı Azərbaycan dövləti çox ciddi siyasi-iqtisadi böhranla üz-üzə idi. Zavod və fabriklərin fəaliyyəti tamamilə dayanmış, istehsalat demək olar ki, çökmüşdü. Belə bir dövrdə Azərbaycanda həm də ciddi hakimiyyət böhranı hökm sürürdü. Məhz Azərbaycan xalqının təkidli istəyi ilə Ulu Öndər Heydər Əliyev paytaxt Bakıya qayıtdı və ölkədə siyasi hakimiyyətin başına keçdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yenidən dövlət quruculuğu istiqamətində ciddi islahatlar həyata keçirilməyə başlandı. İlk növbədə Ermənistanın işğalçılıq siyasətinin dayandırılması, dağılma ərəfəsində olan Azərbaycan iqtisadiyyatının dirçəldilməsi, insanların sosial rifahının yüksəldilməsi, qanunvericilik bazasnın formalaşdırılması və ən əsası qəbul olunan qanunların icrası ilə bağlı müxanizmlərin tətbiqi sahəsində ciddi addımlar atıldı. Hüquqi dövlət quruculuğu istiqamətindəki addımlardan biri kimi Ulu Öndər Heydər Əliyevin birbaşa nəzarəti və rəhbərliyi altında müstəqil Azərbaycanın Konstitusiya aktının hazırlanmasını və qəbul olunmasını qeyd etmək lazımdır. 1995-ci il noyabr ayının 12-də Konstitusiyanın qəbul olunması ilə hüquqi dövlət quruculuğu və qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü.  Bunun ardınca ölkədə hüququn aliliyi və qanunun tətbiqi ilə bağlı qanunverici, icraedici və məhkəmə hakimiyyəti qollarında ciddi islahatlar həyata keçirildi. Beləliklə, dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlət yüksək sürətlə inkişaf edən hüquqi ölkəyə çevrildi. Bundan sonra Azərbaycan hakimiyyətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də ölkəni həm də vətəndaş cəmiyyətinə çevirmək, idarəetmədə vətəndaş institutlarının iştirakını təmin etmək, demokratik dəyərləri ön plana çıxarmaq idi. Məhz parlament və Prezident seçkilərinin keçirilməsi, 1999-cu ildə yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin formalaşdırılması bu istiqamətdə çox uğurlu nəticələr verməyə başladı”.

Şuşanın ruhu artıq azaddır - politoloq Anar Əliyev

Anar Əliyevin sözlərinə görə, 2003-cü ildə keçirilən seçkilərdə İlham Əliyev qalib gəldikdən sonra ölkədə ciddi iqtisadi stabillik və real inkişaf göstəriciləri əldə olundu: “Bundan sonra əsas hədəflərdən biri də sosial cəmiyyət və dövlət quruculuğu istiqamətində addımların atılması idi. Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində atılan addımların bir hissəsi vətəndaş cəmiyyətinin və sosial dövlətin qurulmasına xidmət edirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk illərində, “Biz neft kapitalını insan kapitalına çevirməliyik” ifadəsini işlətməklə sosial dövlət və vətəndaş cəmiyyəti anlayışlarının onun üçün prioritet olduğunu diqqətə çatdırdı. Bu günə qədər həyata keçirilən islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyəti mexanizmlərinin daha da oturuşmuş şəkildə tətbiq edilmısinə hədəflənib. Hesab edirəm ki, İlham Əliyevin hakimiyyətindən keçən dövr ərzində artıq bu istiqamətdə çox ciddi uğurlu nəticələr əldə olunub. Azərbaycan nəinki regionda, həmçinin dünyada yüksək sürətlə inkişaf edən, hüquqin aliliyinin qorunduğu, hakimiyyət qollarının ciddi şəkildə ayrıldığı və sərbəst fəaliyyətinin təmin edildiyi, demokratik dəyərlərə əsaslanan bir idarəetmə mexanizminin tətbiq olunduğu dövlət kimi tanınır. Ən böyük uğurlarımızdan biri də sosial dövlət statusunun formalaşdırılması, insanların sosial rifahının və maddi təminatının dövlətin fəaliyyətinin əsas hədəflərindən biri olmasının təmin edilməsidir. Azəraycan Prezidenti İlham Əliyev başda olmaqla dövlətin həyata keçirdiyi siyasətin nəticəsidir ki, minimum əməkhaqqı, pensiya və digər müavinətlərin həcmi dəfələrlə artıb. Bu gün Azərbaycan vətəndaşların sosial rifahı və maddi təminatı baxımından region dövlətləri və keçmiş Sovet respublikaları arasında ön sırada dayanır. Ona görə də hesab edirəm ki, müstəqilliyimizdən keçən 30 illik dövr ərzində Azərbaycan çox ciddi və uğurlu bir yol qət edib. Azərbaycan dövləti artıq hüququn aliliyinin, vətəndaşların maraqlarının, hüquq və azadlıqlarının üstün tutulduğu bir dövlətdir. Bu nəticələrin əldə olunması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Przident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin real və məntiqi nəticəsidir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna həsr olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*