Fransanın paytaxtı Parisdə yaşayış xərclərinin artmasına qarşı növbəti kütləvi etiraz aksiyası ərəfəsində sahibkarlar mağazalarının vitrin və girişlərini möhkəmləndirməyə başlayıblar. Onlar mümkün iğtişaşlar və qarət hallarından ehtiyat edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, etiraz aksiyası oktyabrın 31-də, şənbə günü keçirilməlidir. Paris polisi Fransanın Dövlət Şurasının paytaxtın şərqində yerləşən Baniole və Şaranton qapıları arasında yürüşün keçirilməsinə icazə verdiyini açıqlayıb. Hüquq-mühafizə orqanları iştirakçıları təsdiqlənmiş marşrut üzrə hərəkət etməyə çağırıblar.
Aksiya təşkilatçıları əvvəlcə yürüşün Parisin mərkəzi hissəsindən keçməsini təklif ediblər. Lakin polis mümkün iğtişaşların qarşısını almaq və ticarət obyektlərini qorumaq məqsədilə ilkin marşrutları qadağan edib. Məhkəmə mübahisələrindən sonra yekun marşrut Fransanın Dövlət Şurası tərəfindən müəyyənləşdirilib.
Hakimiyyət orqanları əvvəlki aksiyalar zamanı baş verən toqquşmaların və mağazaların talan edilməsinin təkrarlanacağından narahatdırlar. Məlumatlara görə, oktyabrın 17-də Fransanın müxtəlif bölgələrində keçirilən yürüşlərdə təxminən 550 min, növbəti həftəsonu isə 410 minə yaxın insan iştirak edib.
Ölkə üzrə ictimai asayişi qorumaq üçün 70 min polis əməkdaşı və jandarmın cəlb edilməsi planlaşdırılır.
Fransada etirazlar artıq üçüncü həftəsonudur davam edir. Əvvəlcə məktəblilərin təhsil şəraitinə qarşı etirazları kimi başlayan hərəkat sonradan yaşayış xərclərinin artması, dövlət xidmətlərinin vəziyyəti və hökumətin büdcə siyasətindən narazılıq fonunda genişlənib.
Aksiyalarda tələbələr, həmkarlar ittifaqlarının nümayəndələri və “sarı jiletlilər” hərəkatının fəalları da iştirak edirlər.
Günay Əli
KONKRET.az
