31 oktyabr 1961-ci il. Gecə saatlarında Moskvada, Qızıl meydanda sovet tarixinin ən qeyri-adi və gizli əməliyyatlarından biri həyata keçirildi. İosif Stalinin cəsədi Leninin mavzoleyindən çıxarılaraq Kremlin divarları yaxınlığında dəfn edildi.
Sovet İttifaqında görəsən, nə gizli və gecə vaxtı edilmirdi ki? Ölkənin milyonlarla insanı qarşısında qüdrətli rəhbər obrazı yaradılan bir şəxsin cəsədi belə xalqdan xəbərsiz, gecənin qaranlığında mavzoleydən çıxarıldı.
Bütün bunların başlanğıcı 1961-ci il oktyabrın 30-da Sov.İKP-nin XXII qurultayında verilən qərarla bağlı idi. Qurultay Stalinin Lenin vəsiyyətlərini ciddi şəkildə pozmasını, hakimiyyətdən sui-istifadə etməsini, günahsız sovet vətəndaşlarına qarşı kütləvi repressiyalar həyata keçirməsini və şəxsiyyətə pərəstiş dövründə yol verdiyi digər əməlləri əsas gətirərək onun cəsədinin Leninin mavzoleyində saxlanılmasının yolverilməz olduğunu bəyan etdi.
Qurultayın sonuncu iş günündə Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibi İvan Spiridonov tribunaya qalxaraq Stalinin cəsədinin mavzoleydən çıxarılmasını təklif etdi. Təklif səsverməyə çıxarıldı və yekdilliklə qəbul edildi.
Lakin qərarın qəbul edilməsi ilə onun icrası arasında cəmi bir neçə saatlıq vaxt var idi.
Xalq bu qərardan xəbərsiz idi
Kreml polkunun keçmiş komandiri Fyodor Konyev həmin günü belə xatırlayırdı:
“İnsanların əhval-ruhiyyəsini öyrənmək üçün mülki geyimdə Qızıl meydana çıxdım. Adamlar qruplar halında dayanaraq həyəcanla söhbət edirdilər. Danışıqların mahiyyəti təxminən belə idi: “Bu məsələni niyə xalqla məsləhətləşmədən həll etdilər?”.
1961-ci ildə SSRİ DTK-nın 9-cu İdarəsinə general Nikolay Zaxarov rəhbərlik edirdi. Dövlət rəhbərliyinin və mühüm obyektlərin mühafizəsinə cavabdeh olan bu idarəyə Stalinin cəsədinin mavzoleydən çıxarılması əməliyyatını həyata keçirmək tapşırılmışdı.
Zaxarov və Kremlin komendantı, general-leytenant Aleksandr Vedenin qarşıdan gələn qərar barədə əvvəlcədən məlumatlandırılmışdılar.
Nikita Xruşşov onları çağıraraq demişdi:
“Nəzərə alın ki, bu gün, çox güman, Stalinin yenidən dəfn edilməsi barədə qərar qəbul olunacaq. Dəfn yeri artıq müəyyənləşdirilib. Mavzoleyin komendantı qəbrin harada qazılacağını bilir”.
Xruşşov həmçinin bildirmişdi ki, Sov.İKP MK Rəyasət Heyətinin qərarı ilə beş nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiyaya Nikolay Şvernik rəhbərlik edirdi. Onun tərkibinə Gürcüstan Kommunist Partiyası MK-nın birinci katibi Mzavanadze, Gürcüstan Nazirlər Sovetinin sədri Cavaxişvili, DTK sədri Şelепin, Moskva Şəhər Partiya Komitəsinin birinci katibi Demiçev və Moskva Şəhər Soveti İcraiyyə Komitəsinin sədri Dıqay daxil idi.
Əvvəlcə Novodeviçye qəbiristanlığı nəzərdə tutulmuşdu
Kreml polkunun komandiri Fyodor Konyevin xatirələrinə görə, oktyabrın 31-də saat 12:00-da onu hökumət binasına çağıraraq Stalinin Novodeviçye qəbiristanlığında dəfn edilməsi üçün bir bölük hazırlamaq tapşırığı vermişdilər.
İlkin plan Stalinin həyat yoldaşının yanında dəfn olunması idi.
Lakin cəmi bir saat sonra qərar dəyişdirildi. Stalinin Kremlin divarları yaxınlığında dəfn edilməsinə qərar verildi.
Bunun səbəblərindən biri onun tərəfdarlarının Novodeviçye qəbiristanlığında məzarı açaraq cəsədi oğurlaya biləcəyi ehtimalı idi. Həmin qəbiristanlıqda belə bir məzarın lazımi səviyyədə qorunması çətin hesab edilirdi.

Saatbasaat həyata keçirilən gizli əməliyyat
14:00–17:00
Mavzoleyin arxasında, Kremlin divarları yaxınlığında iki metr dərinliyində qəbir qazıldı. Qəbrin dibi və divarları hər birinin ölçüsü təxminən 1×0,8 metr olan 10 dəmir-beton plitə ilə örtüldü.
Eyni zamanda mavzoleyin komendantına Stalinin cəsədini sarkofaqdan çıxarılmağa hazırlamaq tapşırıldı.
Tarixçi və Kreml əməliyyatları barədə məlumat verən mütəxəssislərin xatirələrinə görə, tabut əvvəlcədən hazırlanmışdı. O, bahalı ağacdan düzəldilməmiş, qiymətli bəzəklərlə işlənməmişdi. Sadə, lakin keyfiyyətli tabut idi və üzəri qırmızı parça ilə örtülmüşdü.
17:30–21:00
Stalinin cəsədi yenidən dəfn edilmək üçün hazırlandı. Onu dəyişdirmək qərara alınmadığından, cəsəd əvvəlki hərbi mundirdə saxlanıldı.
Lakin mundirdən bir sıra fərqləndirici nişanlar götürüldü. Generalissimusun qızılı saplarla işlənmiş paqonları və Sovet İttifaqı Qəhrəmanı ulduzu çıxarıldı. Həmin əşyaların bu günə qədər qorunub saxlandığı bildirilir. Mundirin düymələri də dəyişdirildi.
Tabuta guya Stalinin məşhur qəlyanının qoyulması barədə yayılan məlumatlar isə hadisə şahidlərinin xatirələrində təsdiqini tapmır.
Stalinin cəsədini sarkofaqdan tabuta dörd hərbçi keçirdi. Əməliyyat sürətlə, diqqətlə və ehtiram qaydalarına uyğun şəkildə həyata keçirildi.
22:00
Tabutun qapağı bağlandı. Lakin tələsik hazırlıq zamanı qəribə bir detal ortaya çıxdı: hərbçilər mismar və çəkici götürməyi unutmuşdular. Lazımi alətləri gətirmək üçün əsgərlər geri qayıtdılar. Təxminən 20 dəqiqə sonra tabut nəhayət mismarlandı.
22:30–23:00
Səkkiz zabit Stalinin cəsədi olan tabutu mavzoleydən çıxardı. Təxminən 20 nəfərdən ibarət dəfn mərasimi əvvəlcədən qazılmış qəbirə doğru hərəkət etdi.
Mərasimdə Stalinin nə ailə üzvləri, nə də yaxın qohumları iştirak edirdi.
Tabut kəndirlərin köməyi ilə qəbirə endirildi. İştirak edənlərdən bəziləri rus adətinə uyğun olaraq qəbirə bir ovuc torpaq atdılar.
Sonra hərbçilər qəbri səssizcə torpaqladılar. Nə orkestr vardı, nə də yaylım atəşi. Hər şey mümkün qədər sakit və gizli həyata keçirildi.
Maraqlıdır ki, həmin vaxt Qızıl meydanda hərbi paradın məşqi gedirdi. Bu da ərazinin bağlanmasına və kənar şəxslərin hadisəni izləməsinin qarşısının alınmasına kömək edirdi.
23:00–23:50
Dəfn komissiyasının üzvləri üçün mavzoleyin arxasındakı kiçik bir tikilidə ehsan süfrəsi hazırlanmışdı.
Sovet rəhbərliyinin keçmiş üzvlərindən birinin dərc olunmamış xatirələrinə əsasən, masada konyak, araq, müxtəlif qəlyanaltılar və kisel vardı.
Lakin hamı süfrəyə yaxınlaşmadı. Bəziləri nümayişkaranə şəkildə oranı tərk etdi, digərlərinin isə küncdə ağladığı bildirilir.
Stalinin məzar daşında da tarixi səhv buraxıldı
1 noyabr, saat 01:00–02:00
Hərbçilər qəbrin üzərini ağ daşdan hazırlanmış lövhə ilə örtdülər. Lövhədə Stalinin adı və doğum ili — 1879 yazılmışdı.
Ancaq burada maraqlı bir tarixi uyğunsuzluq vardı. İosif Stalinin əslində 1878-ci ildə doğulduğu bildirilir. Tarixçilərin qeyd etdiyi kimi, onun doğum haqqında kilsə sənədlərində də 1878-ci il göstərilirdi.
Stalinin özü isə rəsmi bioqrafiyasında doğum tarixini 1879-cu il kimi təqdim etmişdi. Bu səbəbdən məzar daşında da həmin tarix əks olunmuşdu.
Saat 02:00–06:00
Mavzoleyin girişindəki yazının dəyişdirilməsi əməliyyatı da həyata keçirildi.
Stalinin cəsədi 1953-cü ildə mavzoleyə qoyularkən binanın üzərindəki “LENİN” yazısının üzəri qara, qranitə bənzər boya ilə örtülmüş və onun üzərinə “STALİN LENİN” sözləri yazılmışdı.
Lakin yağış və soyuq hava boyanın aşınmasına səbəb olmuş, əvvəlki “LENİN” yazısı yenidən görünməyə başlamışdı.
Buna görə də 40 ton ağırlığında olan lövhənin tamamilə dəyişdirilməsi qərara alınmışdı. Bu lövhə yalnız yazı üçün deyil, həm də mavzoleyin üstündəki tribunaların məhəccərləri üçün dayaq rolunu oynayırdı.
Kremlin komendantı köhnə lövhənin Qolovinsk qəbiristanlığına aparılaraq qəbir daşları hazırlamaq üçün doğranmasını tapşırmışdı. Lakin mavzoleyin komendantı Maşkov bu göstərişə əməl etmədi. Lövhə qəbiristanlığa deyil, zavoda aparıldı və orada toxunulmaz saxlanıldı.
Zavod işçilərinin onu sındırmağa əllərinin gəlmədiyi bildirilirdi. Sonradan həmin lövhə yenidən əvvəlki yerinə qaytarıldı, üzərində “STALİN LENİN” yazılmış lövhə isə zavoda aparıldı.
Beləliklə, 1961-ci il noyabrın 1-də səhər saatlarına qədər Stalinin mavzoleydəki izi demək olar ki, tamamilə silinmişdi.
Stalini mavzoleydən çıxardılar, bəs onun mirasını necə aradan qaldırmaq olardı?
Stalinin cəsədi mavzoleydən çıxarıldı. Lakin onun siyasi irsi, idarəçilik üsulu və yaratdığı qorxu sistemi bir gecədə yox olmadı.
Bu hadisədən illər keçsə də, XXI əsrdə belə Stalinin şəxsiyyətinə pərəstiş edən, onun qəbrini ziyarət edən və repressiya siyasətinə bəraət qazandırmağa çalışan insanlar var.
Rusiyanın hazırkı siyasi rəhbərliyində də Stalinin idarəçilik metodlarına rəğbətlə yanaşan fikirlərə rast gəlinir. Vladimir Putinin onu “effektiv menecer” kimi qiymətləndirməsi də bu baxımdan diqqət çəkir.
Şair Yevgeni Yevtuşenkonun Stalinin mavzoleydən çıxarılmasına həsr etdiyi məşhur şeirində səsləndirdiyi fikirlər isə hadisənin əsl mahiyyətini çox dəqiq ifadə edir:
“Stalin ölməyib… Təəssüf ki, ölməyib.
Biz onu mavzoleydən çıxardıq.
Bəs Stalini onun varislərinin qəlbindən necə çıxaraq?
Bəziləri bu gün tribunadan Stalini hətta tənqid edir,
amma gecələr köhnə zamanların həsrətini çəkirlər.
Stalinin varisləri hələ də yaşayırsa,
mənə elə gələcək ki, Stalin hələ də mavzoleydədir”.
Yevtuşenkonun bu misraları bir tarixi hadisədən daha böyük həqiqəti xatırladır: diktatorun cəsədini torpağa tapşırmaq mümkündür, lakin onun yaratdığı düşüncə tərzini, qorxu və itaət sistemini cəmiyyətdən silmək qat-qat çətindir.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
