Avropa İttifaqı Ukraynaya 45 milyard avro kredit verə bilərbackend

Avropa İttifaqı Ukraynaya 45 milyard avro kredit verə bilər

Avropa İttifaqı Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib. 

KONKRET.az xəbər verir ki, vəsait dövlət büdcəsinin dəstəklənməsinə və ölkənin müdafiə sənayesinin gücləndirilməsinə yönəldiləcək.

Kredit paketi ilə bağlı Avropa Komissiyasının (AK) yaydığı bəyanatda bildirilib ki, 2026–2027-ci illərdə Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması üçün ümumilikdə 90 milyard avro ayrılması nəzərdə tutulur.

Komissiya Ukraynanın təqdim etdiyi maliyyələşdirmə strategiyasını müsbət qiymətləndirib və 2027-ci il üçün nəzərdə tutulan 45 milyard avroluq kreditin təsdiqlənməsi məqsədilə Avropa İttifaqı Şurasına təklif göndərib.

Məlumata əsasən, 2027-ci ilin sonunadək Ukraynaya ayrılması planlaşdırılan vəsaitin 13,3 milyard avrosu dövlət büdcəsinin dəstəklənməsinə, 31,7 milyard avrosu isə müdafiə sənayesinin imkanlarının gücləndirilməsinə sərf olunacaq.

Maliyyə yardımının göstərilməsi hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə, iqtisadi dayanıqlılıq və davamlı inkişaf sahələrində müəyyən edilmiş tələblərə əməl olunmasından asılı olacaq.

Avropa Komissiyasından bildirilib ki, təklif Avropa İttifaqı Şurası tərəfindən təsdiqləndikdən sonra ödənişlərin 2027-ci ilin əvvəlində başlanması üçün zəruri addımlar atılacaq.

Qeyd edək ki, Avropa İttifaqı fevral ayında Ukrayna üçün ümumi məbləği 90 milyard avro olan kredit paketini təsdiqləyib. Həmin vəsaitin 60 milyard avrosu ölkənin müdafiə qabiliyyətinin və müdafiə sənayesinin gücləndirilməsinə, 30 milyard avrosu isə dövlət institutlarının fəaliyyətinin təmin edilməsinə, əsas dövlət xidmətlərinin göstərilməsinə və iqtisadi dayanıqlılığın artırılmasına yönəldilib.

Aprel ayında isə Avropa İttifaqı Şurası 2026-cı il üçün nəzərdə tutulan 45 milyard avroluq vəsaitin ayrılmasını təsdiqləyib. Bu məbləğin 16,7 milyard avrosu büdcə dəstəyinə, 28,3 milyard avrosu isə Ukraynanın müdafiə sənayesinin inkişafına ayrılıb.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*