Ermənistanın xarici siyasəti tam uğursuzluğa düçar olub. Bu barədə erməni beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan danışıb.
KONKRET.az xəbər verir ki, ekspertin sözlərinə görə, iyunun 8-də Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri tərəfindən imzalanan “İstanbul Bəyannaməsi”ndə Ermənistanın regional proseslərin iştirakçısı kimi qeyd olunmaması bunun ən bariz göstəricisidir.
Balasanyan bildirib ki, sənəddə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyəti vurğulanır, Türkiyə, Azərbaycan və Gürcüstanın bu layihədə rolu qeyd olunur, lakin Ermənistanın adı çəkilmir.
“Belə təəssürat yaranır ki, Cənubi Qafqazda yalnız iki ölkə – Azərbaycan və Gürcüstan mövcuddur”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bəyannamədə Bakı–Tbilisi–Qars dəmir yolu və digər regional layihələrdən bəhs olunsa da, Ermənistanın bu layihələrdə potensial iştirakı barədə heç nə qeyd edilməyib.
Balasanyan hesab edir ki, Ermənistanın regional kommunikasiya layihələrindən kənarda qalması ölkənin xarici siyasətindəki ciddi problemlərin nəticəsidir.
Qeyd edək ki, “İstanbul Bəyannaməsi” siyasi, iqtisadi, mədəni və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəddə həmçinin Orta Dəhlizin inkişafı, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolunun strateji əhəmiyyəti xüsusi vurğulanıb. Növbəti üçtərəfli görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi planlaşdırılır.
Müşviq Tofiqoğlu
KONKRET.az
