“Hakimiyyət kreslodan bərk yapışıb”.
KONKRET.az xəbər verir ki, bunu erməni nəşri “Joxovurd” yazıb.
“Ermənistan hakimiyyətinin seçicilər qarşısında məsuliyyətsizliyi dəfələrlə sübuta yetirilib. Xüsusən də 44 günlük müharibədən sonra gedən proseslər göstərdi ki, onlar da hakimiyyətdən bərk yapışıblar. Avropa ölkələrində isə əksinədir. Nazirlər, hətta dövlət başçısı ən kiçik səhvə görə istefa verə bilir.
Gəlin faktlardan danışaq. Yunanıstanın nəqliyyat və infrastruktur naziri Kostas Karamanlis baş verənlərə görə siyasi məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edərək, çoxlu qurbanların olduğu dəmir yolu qəzasından sonra istefa verib. Söhbət yük və sərnişin qatarlarının toqquşmasından gedir. Son məlumatlarına görə, 36 nəfər həlak olub, 130 nəfər yaralanıb.
Qeyd edək ki, 44 günlük müharibədə Ermənistan 5000-ə yaxın qurbanı verib, 2022-ci ilin sentyabrında baş verən iki günlük hadisədən sonra isə biz 201 hərbçi itirmişik. Elə bu yaxınlarda, yanvarın 19-da Azat kənd hərbi hissəsində baş verən yanğında 15 hərbçi həlak olub.
Bu və digər faciəli hadisələrdən sonra hakimiyyətin olan şəxslər və baş nazir Nikol Paşinyan istefa vermədi. Və bu hadisələrin məsuliyyətini və təqsirini həmişə öz üzərinə götürdüyünü bəyan etsə də, vəzifəsini davam etdirir.
Nikol Paşinyan deyib: “Mən məsuliyyətdən qaçmaq fikrində deyiləm. Çünki mən təkcə bu andan əvvəl baş verənlərə deyil, bundan sonra baş verəcəklərə də cavabdehəm və hökmdarın hökmü yerinə yetirəcəyi ana qədər bu məsuliyyəti daşıyacağam”.
Paşinyan nə qədər xalqın onu seçdiyini və buna görə də getmədiyini bəyan etsə də, bir şey faktdır: o, kreslosundan dişi ilə yapışıb”, – deyə qəzet qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
