Ermənistanın baş naziri Nikol Paşınyan əmindir ki, Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasını maksimal dərəcədən tez başlamaq lazımdır. Bu barədə o, avqustun 24-də parlamentdəki çıxışında deyib. “Təəssüf edirəm ki, siyasi səs-küyə görə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bəzi sahələrində qeyri-stabil vəziyyət bu proseslərin başlaması üçün ciddi təhlükədir”, – Sputnik-Armenia Paşınyandan sitat gətirir.
KONKRET.az xəbər verir ki, o, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməsinin zəruriliyini qeyd edib. Tex-Meqri sahəsində işlər məhz bu prinsiplə aparılırdı və erməni tərəfi bu istiqamətdə hərəkət etməyə hazırdır.
“Regionda kommunikasiyaların açılması ölkənin çoxillik blokadasına son qoymağa imkan verəcək, bu da Ermənistan ətrafında əlverişli mühitin formalaşması üçün vacib alət olacaq”,- deyə Paşınyan bildirib və üçtərəfli komissiyanın fəallaşmasına və kommunikasiyaların açılması üçün konkret nəticələrin əldə edilməsinə çağırıb.
O hesab edir ki, bu proses Azərbaycan tərəfinin hansısa “dəhlizlər” barədə “qeyri-konstruktiv və təxribatçı” bəyanatlarına görə gərginləşir. Eyni zamanda o etiraf edib ki, kommunikasiyaların açılması İrəvana Azərbaycan ərazisindən Rusiya və İranla, Bakıya isə Ermənistan ərazisindən Naxçıvanla nəqliyyat əlaqəsi imkanı verir.
“Kommunikasiyaların açılması Ermənistanın və Dağlıq Qarabağın maraqları, təhlükəsizliyi hesabına həyata keçirilə bilməz”, – deyə Paşınyan bəyan edib.
Baş nazirin sözlərinə görə, İrəvan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır.
“Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığını təsdiq edib, məsələnin əhatəli və uzunmüddətli həlli məlum prinsiplər əsasında qəbul edilməlidir: güc tətbiq edilməməsi, xalqın öz müqəddəratını təyin etmə hüququ, ərazi bütövlüyü”, – deyə Paşınyan bildirib və qeyd edib ki, Ermənistan yüksək səviyyədə danışıqlara hazırdır və konkret təkliflər gözləyir.
Paşinyanın bu mövqeyini Azərbaycan tərəf necə qiymətləndirir? Baş nazirin “Ermənistan və Azərbaycan qoşunları sovet xəritələri əsasında geri çəkilməlidir. Tex-Meqri sahəsində işlər məhz bu prinsiplə aparılırdı və erməni tərəfi bu istiqamətdə hərəkət etməyə hazırdır” fikirləri maraqlıdır. Paşinyan bir yandan “Zəngəzur dəhlizi” projesinə qarşı çıxır, digər yandan etiraf edir ki, kommunikasiyaların açılması İrəvana Azərbaycan ərazisindən Rusiya və İranla, Bakıya isə Ermənistan ərazisindən Naxçıvanla nəqliyyat əlaqəsi imkanı verir.
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenə də öz köhnə ampluasındadır. Bir çıxışında bir-birini təkzib edən fikirlər səsləndirməkdə davam eləyir. Bir yandan avqustun 24-də parlamentdə çıxış zamanı o, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələnin tezliklə həllini tapmasında maraqlı olduğunu bildirir, eyni zamanda onu da qeyd edir ki, bu proses sürətlə həllini tapmalıdır və sovet dövrünün xəritələrinə istinad edilməsinin vacibliyini göstərir. Həmçinin qeyd edir ki, artıq iki dövlət arasında əlaqələrin bərpası, xüsusilə də iki ölkə arasında iqtisadi əlaqələrin, kommunikasiyaların bərpası istiqamətində addımlar atılmalıdır. Bunun üçün fəaliyyət göstərən üçtərəfli İşçi Qrupun işinin gücləndirilməsinin vacibliyini vurğulayır:
“Belə bir addımın atılmasının nəticə etibarilə həm Azərbaycan, həm Ermənistanın xeyrinə olacağını deyir. Bu fikirlər prinsip etibarilə düzgün fikrilərdir, əməkdaşlıq ruhunda söylənən fikirlərdir. Lakin Paşinyan bu fikirlərin ardınca yenə də qayıdır özünün əsl xislətinə və yenə də bəyan edir ki, münaqişə həllini tapmayıb, Minsk Qrupu fəaliyyətini bərpa etməlidir. Paşinyan hesab edir ki, Minsk Qrupu həllini tapmayan münaqişənin həllinə köməklik göstərməlidir. Halbuki Minsk Qrupu 30 il ərzində nəinki münaqişəni həll etmədi, əksinə, bu münaqişənin həlli prosesi üçün buxova çevrilmişdi. Paşinyanın yenə də Minsk Qrupuna istinadən ortaya atdığı ”həll prinsipləri” münaqişənin həllinə gətirib çıxarmayıb və bəllidir ki, məsələ müharibə ilə həll edilib. Azərbaycan məsələni həmin o üç prinsiplə deyil, öz gücü ilə, dəmir yumruqla həll etdi. Eyni zamanda Azərbaycan bu zaman heç bir beynəlxalq konvensiyanı pozmadı.
Paşinyan dəhlizlərin açılması məsələsinin problem yaratdığını deyir, amma dolayısı ilə dəhlizlərin açılmasının komunikasiyaların bərpa olunmasına gətirib çıxaracağını demiş olur. Beləliklə, təhlillər bu qənaətə gəlməyə əsas verir ki, Paşinyan fakt qarşısında qalıb. O, çox gözəl dərk edir ki, əməkdaşlıq olmadan, kommunikasiyalar bərpa edilmədən, sərhədlərin delimitasiyası və demarkasiyası baş tutmadan Ermənistanın gələcəyi yoxdur, Ermənistan uçurumun astanasındadır və bu ölkəni daha ciddi siyasi, iqtisadi kataklizmlər gözləyir. Deməli, yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıqdır, Azərbaycanın irəli sürdüyü 6 tərəfli əməkdaşlıq formatıdır. Bunun alternativi müharibədir. Müharibə isə Ermənistanın tamamilə çökməsi deməkdir”.
Deputat hesab edir ki, eyni zamanda Paşinyan bir natamamlıq kompleksini də yaşayır: “Bütün söylədikləri fonunda o, məğlub ovqatda olmadığı görüntüsünü yaratmaq istəyir. Paşinyan bilməlidir ki, ”Dağlıq Qarabağ” termini artıq yoxdur, status məsələsi artıq yoxdur. Azərbaycanın Ali Baş Komandanının bu məsələlərdə konkret qəti mövqeyi var. Ermənistan baş naziri reallıqları nəzərə alıb buna uyğun danışmalı və hərəkət etməlidir. Əməkdaşlıq üçün əlini Azərbaycan istiqamətinə uzatmalıdır. Azərbaycan əməkdaşlıq naminə bu əli sıxa və yeni tarix yazıla bilər”.
