Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşünün ölkəsini “dalandan çıxardığını” və yeni imkanlar yaratdığını bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı müraciətində danışıb.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, 8 avqust 2025-ci ilədək ölkəsi çıxılmaz vəziyyətdə olub, lakin həmin tarixdən sonra Ermənistanın qarşısında geniş perspektivlər açılıb.
“8 avqusta qədər dövlətimiz dalanda idi, 8 avqustdan sonra isə qarşımızda sonsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz bizim kollektiv iradəmizdən asılıdır”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir bununla yanaşı, sülh gündəliyinin həyata keçirilməsi prosesinin hələ başa çatmadığını bildirib.
Qeyd etdiyimiz kimi, Paşinyan Vaşinqton sammitinin əsas nəticələrindən biri kimi “Tramp marşrutu” (TRIPP) layihəsini də qeyd edib. Onun sözlərinə görə, bu layihə Ermənistanın və bütövlükdə regionun iqtisadiyyatında mühüm rol oynayacaq.
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək”, – Ermənistanın baş naziri deyib.
Paşinyan əlavə edib ki, iki ölkə arasında münaqişə səhifəsi artıq bağlanıb və sülh Ermənistan vətəndaşlarının gündəlik həyatının bir hissəsinə çevrilib.
Günay Əli
KONKRET.az
