“Paşinyanın məqsədi görüntü yaratmaqdır” – AÇIQLAMAbackend

“Paşinyanın məqsədi görüntü yaratmaqdır” - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülh sazişinin razılaşdırılmış maddələrini imzalamağa dəvət edib. Baş nazir vurğulayıb ki, burada əsas məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.

Maraqlıdır, ölkələr arasında razılaşdırılmış bəndlər əsasında çərçivə sənədinin imzalanması nə dərəcədə real görünür və bu, Ermənistanın növbəti təxribatlarına zəmin yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Elşad Paşasoy Paşinyanın söz oyunu ilə məşğul olduğunu düşünür:

“Paşinyan dəfələrlə bildirib ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Hətta qeyd edib ki, bunu 1 ay ərzində imzalamaq üçün siyasi iradəyə sahibdirlər. Paşinyan bununla daha çox beynəxalq təşkilatlara, müxtəlif paytaxtlara mesaj göndərir. Məqsəd ancaq görüntü yaratmaqdır. Ermənistanın silahlandırılması baş verirsə, ordu NATO standartlarına uyğunlaşdırılırsa, ölkədə revanşizm təzahürləri tüğyan edirsə, separatçılıq canlanırsa, bəzən təhdid dolu bəyanatlar səslənirsə, o zaman Paşinyan hansı sülhdən danışa bilər? Onun açıqlamaları ancaq və ancaq siyasi riyakarlıqdır. O, revanşizmə meydan verib, özü sülh çağrışlarının pərdəsi arxasında gizlənir”.

Ekspert bildirib ki, Ermənistanla çərçivə sənədinin imzalanması gərginliyə son qoymayacaq:

“Azərbaycan və Ermənistan arasında sülh sazişi variantının 10-a yaxın müdadiləsi həyata keçirilib. Azərbaycan sülh üçün 5 baza prinsipi təqdim edib. Bununla da ölkələr arasında 30 illik gərginlik başa çata bilər. Baxın, Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci il 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda kommuni̇kasi̇yaların açılması nəzərdə tutulurdu. Ancaq 4 ildir hələ də real addım atılmayıb. Əgər bəyanatda qeyd olunan məsələlər icra olunmayıbsa, ona görə də çərçivə sənədinin imzalanması nəyisə dəyişməyəcək. Ermənistan Azərbaycanın şərtləri altında sülhə imza atmalıdır. Dediyim kimi, onlar bizim şərtlərimizdən boyun qaçırırsa, çərçivə sənədinin imzalanması gərginliyi azaltmayacaq”.

Müsahibimiz qeyd edib ki, Ermənistan digər ölkələrin maşasıdır:

“Qeyd etdiyim kimi, Ermənistanda revanşizm əlamətləri baş qaldırıb. Ordu yenidən qurulur. Revanşizm tərəfdarları gələcəkdə hakimiyyətə gələrsə, o zaman Paşinyanın imzaladığı sənədi heçə sayacaqlar. Ermənistan gerbində və konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları var. Bunların dəyişdirilməməsi onların məkirli siyasətinin göstəricisidir. Həmçinin Fransa Prezidentinin BMT kürsüsündən Azərbaycanla bağlı sərsəm açıqlamaları da sülhə zərbədir. Ermənistan digər ölkələrin maşasıdır. Ona görə də sülhün imzalanması bir qədər çətinləşir”.

Məlik Məlikov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*