Təzyiqi salmağın inanılmaz yolu – Alimlərdən diqqətçəkən açıqlamabackend

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyən edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri məlumat yayıb.

“European Journal of Applied Physiology” jurnalında dərc olunan araşdırma Qərbi Avstraliya Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatda artıq çəkisi olan, 45–70 yaş aralığında könüllülər iştirak ediblər.

Təcrübə zamanı iştirakçılar bir gün 30 dəqiqə velotrenajorda məşq edib, digər gün isə temperaturu 40 dərəcə olan suda sinə səviyyəsinədək batırılmış vəziyyətdə eyni müddəti keçiriblər.

Nəticələr göstərib ki, isti vannadan sonra iştirakçıların sistolik və diastolik qan təzyiqi daha çox azalıb. Həmçinin dəridəki kiçik damarların qan dövranı artıb və damarlar daha çox genişlənib.

Alimlər bu təsiri bədənin passiv qızması ilə izah edirlər. İsti su qan axınını dərinin səthinə yönəldir, damarların genişlənməsinə və elastikliyinin qorunmasına kömək edən mexanizmləri aktivləşdirir.

Bununla belə, tədqiqat müəllifləri isti vannanın idmanı əvəz etdiyini düşünməməyi tövsiyə edirlər. Fiziki fəaliyyət əzələlərin güclənməsi, kalori sərfiyyatı və ürək əzələsinin məşq etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, araşdırmada yalnız 30 dəqiqəlik təsirlər müqayisə olunub. Buna görə də nəticələr isti vannanın ümumilikdə idmandan daha faydalı olduğunu sübut etmir.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*