“Erməni cəmiyyətinin dəyişməsi üçün onilliklər lazımdır. Lakin Azərbaycan və Türkiyə yaxın gələcəkdə Ermənistanın oksigeni olacaq. Azərbaycan olmadan bölgədə heç bir siyasət aparılmayacaq. Seçki prosessində Prezident İlham Əliyevin adının çox çəkilməsinin səbəbi də bu idi. İrəvanda gündəliyi məhz rəsmi Bakı formalaşdırır”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Dövlət İdarəçilik Akademiyasının dosenti, “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov bildirib.
O, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinə Azərbaycan və Türkiyə ilə sülh prosesi və müasibətlərin normallaşması kursunun təsiri ehtimalını şərh edib:
“Paşinyanın seçki kampaniyası emosional deyil, praqmatik siyasi mesajlar üzərində qurulmuşdu. O, seçicilərə Azərbaycanla yeni müharibə və qeyri-müəyyənlik perspektivi ilə müqayisədə iqtisadi inkişaf, regional kommunikasiyaların açılması və beynəlxalq inteqrasiya arasında seçim təqdim etməyə çalışdı.
Seçkiqabağı təbliğatda Vətəndaş Müqaviləsi Partiyasının istifadə etdiyi ən təsirli taktikalardan biri revanşist qüvvələri keçmişin simvolu kimi təqdim etməsi oldu. Samvel Karapetyan, Robert Koçaryan və ona yaxın siyasi dairələr Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsində korrupsiya, oliqarxik idarəçilik və ölkəni ağır geosiyasi asılılığa sürükləmiş köhnə sistemlə əlaqələndirilir. Nəticədə seçki kampaniyası Paşinyan və ya Karapetyan- Koçaryan qarşıdurmasından daha çox “gələcək və ya keçmiş” seçimi formasında aparıldı”.
Digər mühüm amil Ermənistan cəmiyyətində yeni müharibə qorxusunun güclü olması idi. 2020-ci il müharibəsinin nəticələri, 2023-cü ildə mövzuya nöqtə qoyulması və regionda yaranmış yeni reallıqlar seçicilərin əhəmiyyətli hissəsini daha realist yanaşmaya sövq edib. Bir çoxları anlayır ki, revanşist çağırışlar Ermənistanın hərbi, iqtisadi və demoqrafik imkanları ilə uzlaşmır.
Paşinyanın xeyrinə işləyən digər faktor Rusiyanın regiondakı roluna münasibətin dəyişməsi oldu. Son illərdə Ermənistan daxilində Moskvanın təhlükəsizlik zəmanətlərinin effektivliyi ilə bağlı ciddi suallar yaranıb. Buna görə də Rusiyaya yaxın siyasi qüvvələrin mövqeləri əvvəlki illərlə müqayisədə zəifləyib. Paşinyan isə bu narazılığı Qərblə əməkdaşlıq, suveren qərarvermə və çoxşaxəli xarici siyasət ideyaları ilə siyasi kapitala çevirməyə çalışıb.
Digər səbəb isə əhalinin sosial – iqtisadi vəziyyəti ilə bağlı idi. Səhiyyə sahəsindəki islahatlar, məvacib və pensiyaların artımı, orta biznesin vəziyyəti, yol infrastruktunun yaxşılaşması və s. amillər də səsvermədə əsas amillərdən birincilərindən oldu”.
Z. Məmmədov qeyd edib ki, Paşinyanın uğurunu yalnız şəxsi reytinqi ilə izah etmək doğru olmazdı:
“Bu qələbə ilk növbədə Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin yeni müharibə riskini qəbul etməməsinin, köhnə siyasi elitalara etimadsızlığının və regionda formalaşmış yeni geosiyasi reallıqlara uyğunlaşmaq istəyinin nəticəsi kimi qiymətləndirilə bilər. Ermənistan seçicisinin 50 faizi ideal hesab etdiyi liderə deyil, mövcud şəraitdə daha real və az riskli hesab etdiyi siyasi kursa səs verdi”.
“Rusiya Gürcüstan ssenarisini Ermənistanda reallaşdırmağa cəhdlər edəcək. Mübarizə hələ bitməyib və bu son deyil. Daha maraqlı proseslər hələ qabaqdadır”, – deyə Z.Məmməov əlavə edib.
