Müasir dövrdə hər bir ölkənin dayanıqlı inkişafını təmin etmək üçün regionların sosial-iqtisadi inkişafı mühüm strateji əhəmiyyət kəsb edir. Sosial rifah və iqtisadi artım yalnız paytaxt və iri şəhərlərdə deyil, həm də regionlarda təmin olunarsa, ölkənin ümumi inkişaf balansı qorunur. İqtisadi müxtəlifliyin təmin olunması, işsizliyin azaldılması, sosial təminatın yaxşılaşdırılması və infrastrukturun müasirləşdirilməsi kimi sahələrdə regionların inkişafı mühüm rol oynayır. Əgər iqtisadi fəaliyyət yalnız böyük şəhərlərdə cəmləşsə, bu, kənd və rayonlarda sosial-iqtisadi fərqlərin dərinləşməsinə və kütləvi miqrasiya proseslərinə səbəb ola bilər. Buna görə də regional inkişaf siyasəti balanslı iqtisadi imkanlar yaratmağa xidmət edir.
Son onilliklərdə həyata keçirilən Regional İnkişaf Proqramları infrastruktur layihələri, kənd təsərrüfatına dəstək, sənaye parklarının və aqroparkların yaradılması vasitəsilə məşğulluğun artırılmasına və sahibkarlığın inkişafına geniş imkanlar açıb.
Nəqliyyat və kommunal infrastrukturun yenilənməsi xüsusilə əhəmiyyətlidir. Yolların, elektrik və qaz şəbəkələrinin, internet və rabitə xətlərinin genişləndirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və biznes mühitinin canlanmasına səbəb olur. Yeni hava limanları, dəmir yolu xətləri və müasir avtomobil yolları regionların iqtisadi potensialının reallaşdırılmasına təkan verir.
Su və kanalizasiya layihələrinin həyata keçirilməsi, içməli su təchizatının yaxşılaşdırılması əhalinin sağlamlığı və sosial rifahı üçün vacib şərtdir. İnfrastrukturun inkişafı regionlarda investisiya cəlbediciliyini artırır.
Məlumdur ki, ötən dövrdə regionlarla müqayisədə paytaxt daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsəd regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.
Təsadüfi deyil ki, ötən əsrin sonları ilə, müstəqilliyimizin yenidən bərpa olunduğu dövr ilə müqayisədə regionlarınızın əhəmiyyətli dərəcədə dəyişdiyinin, yeni simaya malik olduğunun şahidiyik.
İqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, yeni texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılması regional iqtisadi siyasətin əsas hədəfləridir və xatırladığımız kimi, ölkə rəhbəri, cənab İlham Əliyev hakimiyyətə gəldiyi zamandan etibarən bu hədəfləri müəyyən edərək, dövlətin yeni dəstək proqramının olacağını da elan etmişdi, hansıki biz bunun, bu dəstəyin artıq şahidiyik.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yerli iqtisadi potensialın gücləndirilməsi və məşğulluğun artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Son illər həyata keçirilən dövlət proqramları bölgələrdə infrastrukturun yenilənməsi, sahibkarlığın genişlənməsi və investisiya mühitinin yaxşılaşdırılmasına yönəlib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, regionların inkişafı ölkə iqtisadiyyatının balanslı şəkildə formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, paytaxt və bölgələr arasında iqtisadi fərqin azalması üçün ilk növbədə yerli istehsal və kiçik-orta sahibkarlıq təşviq edilməlidir:
“Regionlarda sənaye və aqrar sahələrin inkişafı yeni iş yerlərinin açılmasına səbəb olur. Bu isə daxili miqrasiyanın azalmasına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir.
Dövlət tərəfindən infrastruktur layihələrinə qoyulan investisiyalar, yolların, kommunal xidmətlərin və logistika imkanlarının yaxşılaşdırılması biznes fəaliyyətini daha cəlbedici edir. Bununla yanaşı, vergi güzəştləri və sahibkarlara maliyyə dəstəyi regionlara investisiya axınının artmasına şərait yaradır”.
Ekspert hesab edir ki, növbəti mərhələdə əsas diqqət innovativ layihələrin bölgələrə yönləndirilməsinə, turizm potensialının genişləndirilməsinə və yerli məhsulların ixrac imkanlarının artırılmasına verilməlidir.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən proqramların əsas məqsədi iqtisadi aktivliyi ölkə üzrə bərabər paylamaq və dayanıqlı inkişaf modelini gücləndirməkdir.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

