Finlandiyada naməlum şəxslərin deputatların evlərinə və mənzillərinə daxil olması ilə bağlı bir neçə hal qeydə alınıb. 2026-cı ildə belə insidentlərin artıq bir neçə dəfə baş verdiyi bildirilir.
KONKRET.az xəbər verir ki bu barədə parlament üzvləri məlumat yayıb.
Deputatların sözlərinə görə, onlar evlərinə qayıdarkən mənzillərdə kənar şəxslərin olduğuna dair izlər aşkarlayıblar. Belə əlamətlər arasında işıqların yanılı vəziyyətdə olması və qapıların açıq qalması da var. Bununla belə, evlərdə zorla daxilolma izləri müşahidə edilməyib və heç bir əşyanın oğurlanmadığı müəyyənləşdirilib.
Finlandiyanın Baş naziri Petteri Orpo insidentlərin arxasında müəyyən xarici qüvvələrin dayana biləcəyini istisna etməyib.
“Əgər kimsə Finlandiyada sabitliyi pozmağa, təhlükəsizlik hissimizi sarsıtmağa və ya, məsələn, Ukraynaya dəstəyimizi zəiflətməyə çalışırsa, bu, əks effekt verir”, – deyə hökumət başçısı bildirib.
Orpo xatırladıb ki, Moskva daha əvvəl Avropada keçirilən seçkilərə müdaxilə etməyə cəhd göstərib.
Finlandiyada növbəti parlament seçkilərinin 2027-ci ilin aprelində keçirilməsi nəzərdə tutulur.
Deputatların şəxsi evlərinə mümkün müdaxilələrlə bağlı araşdırmaya başlanılıb. Parlament üzvlərinə isə ayıq-sayıq olmaları və şübhəli hər hansı hal müşahidə etdikləri təqdirdə bu barədə polisə məlumat vermələri tapşırılıb.
Ağagül Mürsəlov,
KONKRET.az
