Ombudsmanın 12 min manatlıq maaşı müzakirə yaratdı: Digər işçilər niyə az qazanır? – AÇIQLAMAbackend

Ombudsmanın 12 min manatlıq maaşı müzakirə yaratdı: Digər işçilər niyə az qazanır? – AÇIQLAMA

Parlament İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. Bu məbləğ ölkədə müəllimlərin, həkimlərin və digər sosial əhəmiyyətli sahələrdə çalışan şəxslərin əməkhaqları ilə müqayisədə ciddi fərq yaradır. Müəllimlərin böyük bir hissəsinin 500-600 manat civarında maaş aldığı bir şəraitdə yüksək vəzifəli şəxslərin məvacibinin bu səviyyədə müəyyənləşdirilməsi cəmiyyətdə əməkhaqqı bərabərsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Bəs bu qədər kəskin fərqin əsas səbəbi nədir və digər peşə sahiblərinin də layiqli əməkhaqqı alması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, dünyanın bir çox ölkəsində yüksək vəzifəli şəxslərin daha çox maaş alması normal praktika hesab olunur.

CROSSMEDIA - Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü  də Mehdiyevlə əlbirdir...- MÜSAHİBƏ

“Vəzifə və məsuliyyət artdıqca əməkhaqqının da yüksəlməsi təbii haldır. Lakin Azərbaycanda yüksək vəzifəli şəxslərlə müəllim, həkim və digər peşə sahiblərinin maaşları arasındakı fərq həddindən artıq böyükdür”.

Partiya sədri qeyd edib ki, bir sıra ölkələrdə yüksək vəzifəli şəxslərlə digər əməkdaşların maaşları arasında fərq 2-3 dəfə olduğu halda, Azərbaycanda bu göstərici dəfələrlə yüksəkdir:

“Dünyanın bir çox yerində vəzifəli şəxslər yüksək maaş alırlar. Çünki məsuliyyət və səlahiyyət artdıqca məvacib də artır. Bu, normaldır. Amma müəllim, həkim və vəzifəli şəxslərin maaşları arasında bizim ölkədəki qədər böyük fərq olmur. Orada bu fərq 2-3 dəfə ola bilər, bizdə isə 10 dəfələrlə ölçülür. Məsələn, müəllim 800 manat, vəzifəli şəxs isə 12 min manat maaş alır. Bu, normal deyil”.

T.Abbaslı vurğulayıb ki, əsas məsələ yüksək vəzifəli şəxslərin maaşlarının azaldılması deyil, digər peşə sahiblərinin də normal yaşayışını təmin edəcək əməkhaqqı ilə təmin olunmasıdır.

 “Biz demirik ki, heç kimə yüksək maaş verilməsin və ya kiminsə məvacibi azaldılsın. Biz deyirik ki, digər insanlar da normal maaş alsınlar. Satıcı da, həkim də, müəllim də, kassir də layiqli əməkhaqqı ilə təmin olunsun. Tələbələr də işləməyə məcbur qaldıqları halda normal maaş alsınlar. Pensiyaçılara, əlilliyi olan şəxslərə və veteranlara da normal ödənişlər verilməlidir. Minimum əməkhaqqı normal səviyyəyə qaldırılmalıdır. Bizim tələbimiz budur. Əsas sual budur: Niyə digər insanlara da normal maaş verilmir?” – deyə T.Abbaslı bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*