Pekin ördəyi sağlamlıq üçün təhlükəlidirmi? – Bu məsələlərdə diqqətli olun!backend

Pekin ördəyi sağlamlıq üçün təhlükəlidirmi? – Bu məsələlərdə diqqətli olun!

Son vaxtlar mağazaların ət məhsulları bölməsində Pekin ördəyinə daha çox rast gəlinir. İstehlakçıların bir qismi bu məhsulun sağlamlıq üçün təhlükəli olub-olmaması, digərləri isə keyfiyyətli ördəyi necə seçmək barədə suallar verir.

Bəs Pekin ördəyinin insan sağlamlığı üçün hər hansı zərəri varmı və alıcılar bu məhsulu alarkən nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, burada əsas məsələ ördəyin hansı ölkəyə və ya cinsə mənsub olması deyil, onun yetişdirilməsi, kəsilməsi, saxlanılması və satışa təqdim olunmasıdır.

Ekspertin sözlərinə görə, quş əti və ümumilikdə hər hansı qida məhsulu seçilərkən onun mənşəyindən daha çox istehsal və saxlanma şəraitinə diqqət yetirilməlidir:

“Ümumiyyətlə, quş ətindən və ya hər hansı qida məhsulundan danışarkən əsas diqqət məhsulun mənşəyindən daha çox onun hansı şəraitdə yetişdirilməsi, kəsilməsi, saxlanılması və satışa təqdim olunmasına yönəldilməlidir. Burada sanitar qaydalara əməl olunması, həmçinin soyuq qida zəncirinin qorunması və daşınma şərtləri xüsusi əhəmiyyət daşıyır.

Pekin ördəyi də digər ev ördəkləri kimi qida məhsuludur. Düzgün saxlanıldıqda və sanitar-gigiyenik tələblərə əməl edildikdə insan sağlamlığı üçün xüsusi təhlükə yaratmır. Bu, adətən sürətlə böyüyən və ətlik məqsədlə yetişdirilən ördək cinsidir. Ətinin tərkibində zülal və müxtəlif vitaminlər var”.

İ.Şirinov qeyd edib ki, digər quş ətlərində olduğu kimi, Pekin ördəyinin də düzgün saxlanılmaması salmonella və digər patogen bakteriyaların inkişafına səbəb ola bilər.

“Xüsusilə kəsim zamanı məhsulla əl təmasının minimuma endirilməsi, kəsici alətlərin təmizliyi və sanitar vəziyyəti diqqətdə saxlanılmalıdır. Ətin daşınması və saxlanılması zamanı temperatur rejiminin pozulmaması da vacibdir”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Pekin ördəyinin digər xüsusiyyətlərindən biri dərialtı piy qatının kifayət qədər qalın və yağlı olmasıdır. Bu səbəbdən ürək-damar xəstəlikləri olan şəxslərin belə əti məhdud miqdarda istehlak etməsi məqsədəuyğundur.

Ördək əti alarkən nələrə diqqət etməli?

Ekspert alıcılara məhsulun qablaşdırılması və etiket məlumatlarına xüsusi diqqət yetirməyi tövsiyə edib:

“Qablaşdırmada məhsulun mənşəyi, saxlanma temperaturu və son istifadə tarixi ilə bağlı məlumatlar mütləq əksini tapmalıdır. Alıcı məhsulu seçərkən onun baytarlıq nəzarətindən keçməsinə də diqqət etməlidir. Əgər məhsul dondurulmuş və qablaşdırılmış şəkildə satışa çıxarılıbsa, onun müvafiq baytarlıq və idxal sənədlərinin olması vacibdir”.

İ.Şirinov məhsulun xarici görünüşünün və qoxusunun da mühüm göstərici olduğunu bildirib.

“Ətin üzərində yapışqanlıq müşahidə edilirsə və ya məhsuldan xoşagəlməz, kəskin qoxu gəlirsə, belə məhsuldan istifadə etmək olmaz. Həmçinin məhsulun dəfələrlə donub-açılması onun keyfiyyətinə mənfi təsir göstərəcək. Bu səbəbdən alıcılar belə hallara da diqqət yetirməlidirlər”, – deyə ekspert əlavə edib.

Ekspert xüsusilə “Pekin” adının istehlakçıları çaşdırmamalı olduğunu vurğulayıb.

“Alıcı bilməlidir ki, məhsulun adında “Pekin” sözünün olması onun avtomatik olaraq təhlükəli və ya keyfiyyətsiz olması demək deyil. Əsas məsələ məhsulun təhlükəsizliyi, baytarlıq nəzarətindən keçməsi, düzgün saxlanılması və satışa təqdim olunmasıdır”.

Beləliklə, Pekin ördəyinin insan sağlamlığı üçün təhlükəli olub-olmamasını onun adı deyil, məhsulun yetişdirilmə, kəsim, daşınma və saxlanma şəraiti müəyyən edir. İstehlakçılar isə belə məhsul alarkən etiket məlumatlarını, son istifadə tarixini, qablaşdırmanın bütövlüyünü və saxlanma temperaturunu mütləq yoxlamalıdırlar.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*