Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin DİN başçısını Təhlükəsizlik Şurasının iclasındaca işdən qovub – bu barədə KONKRET.az “Türkmənistan Xronikası”na istinadla xəbər verir.
On ildən çox nazir postunda oturan İsgəndər Məlikov bütün dövlət mükafatlarından da məhrum edilib. Ölkə başçısı keçmiş nazirin hərbi rütbəsini general-leytenantdan polis mayorunadək aşağı salıb. Türkmənistan Prezidenti ölkənin baş prokuroru Batır Atdayevin DİN-də yoxlamalar barədə hesabatını dinlədikdən sonra belə sərt qərar verməli olub.

Təftiş orqanının məlumatına görə, Məlikov baytarlıq təhsili olan bir şəxsi islah müəssisəsinin rəisi təyin edibmiş. Yol polisi əməkdaşı, kapitan Kərimqulu Çarıyev də saxlanılıb – onun xidməti avtomobilinin təyinatı üzrə istifadə etmədiyi qeyd olunub: avtomobil Aşqabad kommunal xidmətinin əməkdaşlarını daşıyırmış.
Bundan əlavə, bildirildiyinə görə, iki yol polisi müfəttişi bütün sənədlərin qaydasında olmasına baxmayaraq, sürücüdən rüşvət tələb ediblər. Polislər avtomobili müsadirə etməklə kişini hədələyiblər. Prokurorun sözlərinə görə, başqa bir yol polisi zabiti dostlarına protokol tərtib edilməsinin qarşısını almağa çalışıb.
Ancaq, deyilənlərə görə, Məlikov iş adamı Çara Kulovla əlaqəyə görə vəzifəsindən uzaqlaşdırılıb. Aşqabadın nüfuzlu və varlı sahibkarlarından biri sentyabr ayının ortalarında həbs edilib. Onun işi ilə bağlı əlavə araşdırma aparıldıqdan sonra xüsusilə geniş miqyasda rüşvət faktları aşkarlanıb. İki ev və bir neçə maşın dövlətin xeyrinə müsadirə edilib.

Həmçinin qeyd olunub ki, sabiq nazir Məlikov Çara Kulovun qohumunu Aşqabadın pasportlaşdırma şöbəsinin müdir müavini vəzifəsindən azad etməyib. İstintaqın məlumatına görə, Məlikov iş adamına “day-daylıq” edib.
“Adı çəkilən bütün şəxslər həbs olunub. Yuxarıdakı faktlar Məlikovun Daxili İşlər Nazirinin vəzifələrini lazımınca yerinə yetirmədiyini göstərir”, – deyə prokuror çıxışını yekunlaşdırıb.
Rəsmi Türkmənistan mediası sabiq nazirin taleyi ilə bağlı susur. Ancaq “Gündoğar” nəşrinə görə, Məlikov həbs edilib. Azatlıq radiosu keçmiş daxili işlər naziri Məqsəd Amanovun şəxsi sürücüsünün həbs olunduğunu elan edib. Radionun xəbərinə görə, həbs olunan Çara Kulov sabiq nazirin biznesini idarə edib, Amanov isə vasitəçi rolunu oynayıb.
Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov polkovnik Məmmədxan Çakıyevi yeni daxili işlər naziri təyin edib – öncə Çakıyev kabinet sədrinin müavini vəzifəsindən azad edilib.