Türkmənistan Prezidenti Qurbangulu Berdiməhəmmədov velosiped kolleksiyasının bir hissəsini Aşqabad Yetimlər Evinin şagirdlərinə hədiyyə edib.
KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, daha iki velosiped Dövlət Mədəniyyət Mərkəzinin Muzeyinə, eləcə də İdman və Gənclər Siyasəti Nazirliyinin yeni binasında yerləşən muzeyə təhvil verilib.
Qeyd edək ki, velosiped sürmək (kitab yazmaq, avtomobil yarışları, at sürmək, mahnı oxumaq və daha çox) Berdiməhəmmədovun ən çox sevdiyi məşğuliyyətdən biridir. Dövlət mediası prezidentin hobbilərini işıqlandırmağa çox diqqət yetirir. Çox vaxt vətəndaşlar məcburiyyət qarşısında onun hobbisinin inkişafında iştirak edirlər.

Belə ki, 3 iyun 2018-ci il Ümumdünya Velosiped Günü şərəfinə Aşqabadda hər hansı digər nəqliyyat vasitəsindən istifadə qadağan edilib. Dövlət müəssisələrinin işçiləri kütləvi qaçışlarda iştirak etmək üçün özləri hesabına velosiped almağa borcludurlar.
