Dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.
KONKRET.az xəbər verir ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu rayonun 8 yaşayış məntəqəsini birləşdirir.
Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.
Ölkə başçısının sərəncamına uyğun olaraq Hacıqabul rayonu ərazisində “Agro Dairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisi həyata keçirilib. Üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyanın xarici elektrik təchizatı işləri başa çatdırılıb. 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub.
Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulub.
