Azərbaycanda hərbi xidmətə çağırılmazdan əvvəl bütün çağırışçıların məcburi psixoloji və ya psixiatrik müayinədən keçirilməsi məsələsi zaman-zaman müzakirə olunur.
Bəs hazırda bu sahədə hansı qaydalar tətbiq edilir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış prosesi zamanı qanunvericiliyə uyğun olaraq ilkin tibbi və psixoloji yoxlamalardan keçirilirlər.

“Psixoloji və ya psixiatrik problemlə bağlı əvvəldən tibb müəssisələrində qeydiyyatda olan çağırışçılar barədə hərbi xidmətə yararlılıqla bağlı yekun qərarı müvafiq dövlət qurumu verir.
Səfərbərlik xidməti tərəfindən çağırışçılarla müvafiq psixoloji testlər aparılır. Bu testlər vasitəsilə onların əsəb sisteminin vəziyyəti, stressə davamlılığı və ruhi sağlamlığı qiymətləndirilir. Bəzən bu müayinələr zamanı əvvəllər məlum olmayan gizli psixoloji problemlər də üzə çıxır.”
Ə.Verdiyev bildirib ki, rayon çağırış komissiyalarının tərkibində fəaliyyət göstərən həkim-psixoloqlar bu prosesdə əsas rol oynayırlar. Onların qiymətləndirməsi zamanı ciddi şübhələr və ya psixi sağlamlıqla bağlı əlamətlər müəyyən edilərsə, çağırışçı ixtisaslaşmış tibb müəssisəsinə göndərilir.
“Belə şəxslər psixiatriya profilli tibb müəssisələrində ətraflı müayinədən keçirilirlər. Əgər müayinə nəticəsində onların sağlamlıq vəziyyətinin hərbi xidmətə imkan vermədiyi müəyyən olunarsa, sənədlər yenidən aidiyyəti dövlət tibbi-sosial ekspertiza və reabilitasiya qurumuna təqdim edilir və yekun qərar həmin qurum tərəfindən verilir”, – deyə ekspert vurğulayıb.
Ədalət Verdiyevin sözlərinə görə, psixoloji qiymətləndirmə hər bir çağırışçı üçün vacib mərhələ hesab olunur və bu istiqamətdə nəzarətə xüsusi önəm verilir.
Onun fikrincə, bu cür yoxlamalar həm çağırışçının sağlamlığının qorunması, həm də Silahlı Qüvvələrdə xidmətin təhlükəsiz və səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az
