Putindən sonra Kremlə kim rəhbərlik edəcək? – Ən real ssenari açıqlandıbackend

Putindən sonra Kremlə kim rəhbərlik edəcək? – Ən real ssenari açıqlandı

Ukrayna-Rusiya müharibəsinin gələcək nəticələri ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Son proqnozlarda isə müharibənin Rusiya Prezidenti Vladimir Putinin siyasi səhnədən gedişi ilə yekunlaşa biləcəyi iddia olunur.

Belə olduqda, rejim dəyişikliyi baş verəcək, yoxsa sadəcə lider yenilənəcək? Putindən sonra hakimiyyətə kim keçə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Putinin siyasi gələcəyi ilə bağlı səsləndirilən müxtəlif ssenarilər və iddialar tamamilə təbiidir:

“Amma Putinin yaxın perspektivdə hakimiyyətdən gedəcəyini əminliklə söyləmək olmaz. Gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi baş versə, bu, böyük ehtimalla klassik mənada rejim dəyişikliyi deyil, sistem daxilində lider yenilənməsi formasında reallaşacaq. Çünki son 20 ildən artıq dövrdə Rusiyada formalaşan siyasi modelə baxdıqda görürük ki, sistem kifayət qədər institusional xarakter daşıyır. Odur ki, təkcə liderin dəyişməsi avtomatik olaraq siyasi kursun tam dəyişməsi anlamına gəlmir. Yəqin ki, Putindən sonra hakimiyyətə gələcək şəxs mövcud idarəetmə modelinin davamlılığını təmin etməyə çalışacaq. Əsas məqsəd daxili sabitliyin qorunması, hakimiyyət institutlarında parçalanmanın qarşısının alınması və dövlət idarəçiliyində varisliyin təmin edilməsi olacaq. Hakimiyyətə kimin gələ biləcəyi məsələsinə gəlincə, konkret ad çəkmək hazırda kifayət qədər çətindir”.

Politoloq bildirib ki, Rusiya siyasi sistemi potensial varislərin ön plana çıxmasına imkan verməyəcək şəkildə formalaşdırılıb:

“Mümkün namizədlər arasında hökumət rəhbərliyi, prezident administrasiyası, Təhlükəsizlik Şurası və ya güc strukturlarını təmsil edən yüksək vəzifəli şəxslərin adı zaman-zaman müzakirə predmetinə çevrilib. Eyni zamanda, hakimiyyət daxilində kompromis fiqur kimi qəbul ediləcək texnokrat rəhbərin irəli çıxarılması da istisna edilmir. Ukrayna müharibəsinin nəticələri bu prosesə birbaşa təsir göstərə bilər. Əgər müharibə Rusiya üçün ciddi siyasi və iqtisadi itkilərlə yekunlaşarsa, hakimiyyət daxilində müəyyən kadr dəyişiklikləri sürətlənəcək. Lakin Kremlin əsas prioriteti sistemin özünü qorumaq olacaq. Tamamilə fərqli ssenarini də istisna etmək olmaz. Əgər hakimiyyət elitası daxilində ciddi fikir ayrılıqları yaranar, iqtisadi vəziyyət kəskin pisləşər və sosial narazılıq artarsa, o zaman daha geniş siyasi transformasiya prosesi başlaya bilər. Lakin hazırkı şəraitdə belə bir ssenarini qaçılmaz hesab etmək üçün kifayət qədər əsas yoxdur”.

Ekspertin sözlərinə görə, Putindən sonrakı Rusiyanın taleyi ilk növbədə bir şəxsdən deyil, hakimiyyət elitası arasında qüvvələr nisbətindən, təhlükəsizlik institutlarının mövqeyindən və müharibənin yekun nəticələrindən asılı olacaq:

“Hazırkı reallıq göstərir ki, yaxın perspektivdə ən real ehtimal mövcud siyasi sistem çərçivəsində lider dəyişikliyinin baş verməsidir. Bunun Rusiyanın xarici siyasətində müəyyən taktiki korrektələrə səbəb olması mümkün olsa da, strateji kursun qısa müddətdə köklü şəkildə dəyişəcəyini gözləmək hələlik tezdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*