Putinin ətrafındakı şəxslərə zəng edə bilərlər? – Dezinformasiyalar necə yayılır?backend

Putinin ətrafındakı şəxslərə zəng edə bilərlər? - Dezinformasiyalar necə yayılır?

“Kremldəki anonim mənbələrə istinadən xarici mediaya ötürülən məlumatların əksəriyyəti xüsusi təşkil edilən dezinformasiya aktlarıdır”. 

KONKRET.az xabər verir ki, bu fikri tanınmış rus jurnalisti, Rusiya-Ukrayna müharibəsinədək Kiyevdə çalışmış Yevgeni Kiselyov “Qordon” televiziyasına müsahibəsində deyib.

O, buna nümunə olaraq bu yaxınlarda “Reuters” informasiya agentliyinin Putinin əhatəsində 4 anonim mənbəyə istinadən Kremldə müharibənin dayandırılması ilə bağlı fikirlərin güclənməsi haqqında dərc olunan məqaləni göstərib:

“Bir anlığa təsəvvür edirəm ki, Patruşev “Reuters”in müxbirinə zəng edir. Eyni vaxtda ikinci xətdən Kovalçuk, üçüncü xətdən Arkadi Rottenberq, dördüncü xətdən isə bir başqası zəng edir. Onlar bir-birinin sözünü kəsərək deyirlər ki, bizi dinlə. İnanmıram ki, indi Qərb xəbər agentliyinin müxbiri Putinin ətrafındakı bəzi insanlara, hətta bir pillə onlardan aşağıda olan şəxsə zəng edə bilsin. Kreml tamamilə qapalı “qara qutu”dur, xüsusən də söhbət Qərb mətbuatından gedirsə”.

Jurnalist deyib ki, Rusiyada ikinci böyük mobilizisiyanın olub-olmayacağını bilmək üçün bu ölkənin real həyatında baş verənləri diqqətlə izləmək lazımdır. “Real həyatı izləyəndə isə aydın olur ki, Putin ölkəni uzunmüddətli müharibəyə hazırlayır. Amma cəbhədə vuruşan ukraynalı hərbçilərin, ekspertlərin fikirlərini dinləyəndə aydın olur ki, Kreml səfərbər olan təcrübəsiz əsgərlərə deyil,  heç olmasa minimal hazırlığı olan hərbçilərə və muzdlulara üstünlük verir. Müharibə təcrübəsi generallara sübut etdi ki, peşəkarlarla və yarıpeşəkarlarla çalışmaq daha yaxşıdır. Ona görə də ümumi böyük səfərbərlik olmaya bilər”.

Bununla yanaşı, Yevgeni Kiselyov səfərbərliyin qeyri-rəsmi şəkildə keçirilməsini də istisna etməyib: “Hər şey gözləmək olar. Ola bilər səfərbərlik gizli şəkildə keçirilsin. Peskov kimi birisi isə çıxıb desin ki, hansı səfərbərlikdən söhbət gedir, səfərbərlik elan edilməyib axı”.

O, müharibədə iştirak etmək istəməyən və səfərbərlik təhlükəsi qarşısında olan rusiyalılara ölkədən qaçmağı təklif edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*