Qadınların qəbirüstü şəkilləri necə olmalıdır? – İlahiyyatçılardan AÇIQLAMAbackend

Qadınların qəbirüstü şəkilləri necə olmalıdır? - İlahiyyatçılardan AÇIQLAMA

Dünyasını dəyişən xalq artisti İrana Tağızadə ilə vida mərasimində qoyulan şəkil cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları mərhum xalq artistinə Allahdan rəhmət diləyərək ötüb keçsələr də, bəzi insanlar fotonun yas məclisi üçün uyğun olmadığını əsas gətirərək tənqid ediblər. Bu məsələ həm də dünyasını dəyişən qadınların qəbirüstü abidəsinin və məzar daşına vurulan şəkilin necə olması ilə bağlı mövzunu gündəmə gətirib. Bəs görəsən, qadınların qəbirüstü şəkilləri necə olmalıdır? Ümumiyyətlə, İslam dini bu barədə nə deyir?

Mövzunu KONKRET.az-a şərh edən millət vəkili Ceyhun Məmmədov bildirib ki, din qəbirlərin üzərinə şəkil vurulmasının tərəfdarı deyil. Yəni İslam dinində bu, düzgün əməl sayılmır. Amma insanlar qəbir daşlarının üzərinə fərqli şəkillər vururlar: “Bu, hər bir insanın düşüncə və yanaşmasından asılıdır. Hesab edirəm ki, qəbirlərdə müəyyən etik çərçivələri, ənənə və dəyərləri qorumalıyıq. Ümumiyyətlə, mərhələli şəkildə qəbirlərin vahid formada olmasına doğru addım atmalıyıq. Yalnız bu halda belə müzakirələrin və israfçılığın qarşısını ala, neqativ hallara son qoya bilərik. Qəribə və əcaib şəkillərin məzar daşlarının üzərinə vurulmasına ehtiyac yoxdur. Bu tendensiya getdikcə artır. Yaxşı olardı ki, rəsmi və etik çərçivələrə uyğun şəkillərdən daha çox istifadə olunsun”.

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin -

Millət vəkilinin sözlərinə görə, bəzi adamlar qəbiristanlıqlarda evə və villaya bənzər tikintilər aparmağa çalışırlar: “Buna böyük məbləğdə vəsait sərf olunur. Hazırda elə qəbirlər var ki, 10-50 min arası pul qoyulub. Bunların ölən şəxsə heç bir xeyiri yoxdur. Əgər kimsə savab qazanmaq istəyirsə, o zaman bu pulu imkansızlara, uşaq və qocalar evlərinin sakinlərinə, tələbələrin təhsil haqqına xərcləməlidir. Bu zaman daha çox savab sahibi olar. Amma Azərbaycan cəmiyyətində fərqli yanaşmalar mövcuddur. Düşünürəm ki, bu məsələni bir qanun formasına salaraq vahid qəbiristanlıqların salınması istiqamətində addımlar atmaq lazımdır. Əslində bununla bağlı müəyyən sənədlər imzalansa da, proses tam yekunlaşmayıb. Yəni vahid bir tətbiq olmalıdır ki, insanların vəsaitləri bu cür xeyiri olmayan sahəyə yönəlməsin. Həmçinin bu sahədə müəyyən təbliğat və maarifləndirmə işləri həyata keçirilməlidir ki, belə neqativ hallarla rastlaşmayaq”.

Ceyhun Məmmədov əvvəllər də bu məsələyə münasibət bildirdiyini vurğulayıb: “Hesab edirəm ki, yanaşmalar fərqlidir və əkəriyyət bu fikirlə razılaşmır. Amma düşünürəm ki, Azərbaycanda yas məclisləri və onların təşkili, eləcə də qəbiristanlıqlarla bağlı çox dəqiq və konkret qanunun qəbuluna ehtiyac var. Bəziləri bunu ictimai münasibət adlandırır və müdaxiləni düzgün saymır. Amma mən bu fikri qəbul etmirəm. Çünki biz elə cəmiyyətik ki, qanun halına salmasaq heç kim bu məsələyə düzgün formada əməl etməyəcək. Əksinə, getdikcə daha eybəcər və çirkin formaların şahidi olacağıq. Bunun ağır fəsadları isə zamanla özünü büruzə verəcək. Qeyd etdiyim kimi bu gün qəbiristanlıqlarda xüsusi tikililərin aparılması, qəbir yerlərinin alınaraq boş saxlanması, qəbir daşlarının müxtəlif formada olması, məzar daşlarına əcaib şəkillərin vurulması və sairə cəmiyyəti narahat edən məsələlərdir. Hər kəs də bir-biri ilə bəhsə girərək heç kimdən geri qalmamağa çalışır. Lakin imkansız təbəqə bu cür məsələlərdən narahatdır. Hətta bankdan kredit götürüb yas məclisi keçirənlərə, sonra isə əziyyət çəkənlərə də rast gəlirik. Bir sözlə, bu, çox ciddi məsələdir və həll etməliyik ki, sonra belə problemlər yaşanmasın”.

Mövzu ilə bağlı saytımıza danışan ilahiyyatçı hacı Təyyar Hüseynli bildirib ki,müqəddəs Qurani Kərimdə “Qadınlar” adlı xüsusi surə var: “İslam dininin göstərişlərinə əsasən qadınların dəfni belə kişilərdən fərqlənir. Hətta onların ibadətlərində də xüsusi göstərişlər var. Məsələn, xanımlar ibadət etdiyi otaqda məhhərm olmayan kişilərin oturmasına icazə verilmir. Dünyasını dəyişən qadının qəbirüstü abidəsində elə bir şəkil və ya heykəl ola bilər ki, bu, ətrafdakılar tərəfindən normal qəbul olunmaz. Xüsusən son zamanlar elə qəbirüstü abidələrə rast gəlirik ki, bu, İslam dinində günah hesab olunur. Qadının qəbirüstü abidəsi sadə, düşündürən, xanım əlçatmazlığına uyğun bir formada hazırlanmalıdır. Şəkil məsələsinə gəlincə, dünyasını dəyişən qadının məzar daşına onun həyatda yaşadığı qapalı formada olan fotosunu vurmaq olar. Dinimiz buna icazə verir. Amma həddi aşan, qeyri-ciddi şəkillərin vurulması qəti qadağan edilib”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*