Qanadsız nəhəng quşlar: Hinduşkaya oxşayan Moalar necə yoxa çıxdı?backend

Qanadsız nəhəng quşlar: Hinduşkaya oxşayan Moalar necə yoxa çıxdı?

Bilirsinizmi ki, moalar Yer üzündə qanadlarından heç bir iz qalmayan yeganə quşlardır? Onlarda nə qanad sümükləri, nə qanad rudimentləri, nə də lələk qalıqları var. Uzun ayaqları, üçbarmaqlı pəncələri, lələklərlə örtülmüş uzun boyunları və nəhəng bədənləri ilə seçilirdilər. Bu baxımdan boynu lələksiz olan dəvəquşundan da fərqlənirdilər.

Nəhəng ölçüləri ilə seçilirdilər. Ən iri növlərdən olan Dinornis robustus və Dinornis novaezealandiae boyunlarını tam uzatdıqda 3,6 metrə qədər yüksəlir, çəkiləri isə 250 kiloqrama çatırdı. Bu, yetkin bir ayının çəkisindən də çoxdur. Maraqlıdır ki, dişilər erkəklərdən təxminən üç dəfə iri olurdu. Bu səbəbdən alimlər əvvəlcə onları ayrı-ayrı növlər hesab edirdilər. Ən kiçik moa növünün ölçüsü isə təxminən hinduşka boyda idi.

Moa milyonlarla il ərzində Yeni Zelandiyanın özünəməxsus ekosisteminin əsas sakinlərindən biri olub. Təxminən 80 milyon il ərzində Yeni Zelandiyada iri yırtıcıların olmaması moalara burada böyük ot yeyən heyvanların ekoloji rolunu tutmağa imkan vermişdi. Onlar meşələrdə və dağlıq kolluqlarda yarpaqlar, cavan zoğlar və meyvələrlə qidalanırdılar.

Onların təbiətdə əsas düşməni isə Hast qartalı idi. Çəkisi 18 kiloqrama qədər çatan bu nəhəng yırtıcı quş tarixdə məlum olan ən iri qartal sayılır və moalara havadan hücum edirdi.

Lakin təxminən yüz il ərzində hər şey dəyişdi. Təxminən 1300-cü ildə Polineziya köçkünləri – maorilər Yeni Zelandiyaya gəldikdə moalar insanlardan qorxmurdu. Onları asanlıqla ovlayır, yumurtalarını toplayır, yaşayış məkanlarını isə meşələrin yandırılması yolu ilə dəyişdirirdilər.

Moa yumurtaları təxminən iki toyuq yumurtası ölçüsündə idi və insanlar üçün mühüm qida mənbəyinə çevrilmişdi.

Nəticədə təxminən 1445-ci ilə qədər moaların bütün doqquz növü yox oldu. Onların əsas yırtıcısı olan Hast qartalı da ovunu itirdiyindən məhv oldu.

Uzun müddət avropalılar moaların mövcudluğuna belə inanmırdılar. İlk moa sümükləri 1839-cu ildə aşkar edildi. Lakin elmi ictimaiyyət bu nəhəng quşların həqiqətən mövcud olduğunu yalnız 1840-cı illərdə britaniyalı paleontoloq Riçard Ouenin araşdırmalarından sonra qəbul etdi.

Bu gün mağaralarda aşkar edilmiş mumiyalaşmış moa qalıqlarından əldə edilən DNT nümunələri onların mənşəyi haqqında daha maraqlı mənzərə yaradır. Məlum olub ki, moaların ən yaxın qohumları Yeni Zelandiyanın məşhur kiviləri deyil, uçmağı bacaran Cənubi Amerika tinamularıdır.

Beləliklə, bir vaxtlar Yeni Zelandiyanın meşələrində 3,5 metrdən hündür nəhəng quşlar dolaşırdı. Onların yoxa çıxması isə təbiətin deyil, insanın ekosistemə daxil olmasının cəmi bir neçə nəsil ərzində nə qədər böyük dəyişiklik yarada biləcəyinin ən maraqlı nümunələrindən biridir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*