Ermənistanın nüfuzlu müxalifət lideri və biznesmen Qagik Tsarukyanın saxlanılması ölkədə genişmiqyaslı siyasi gərginliyə yol açıb.
KONKRET.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri evində aparılan axtarışlardan sonra hüquq-mühafizə orqanları tərəfindən İstintaq Komitəsinə aparılıb. Partiyanın mətbuat katibi İveta Tonoyan və vəkil Yerem Sarkisyan siyasətçinin saxlanıldığını təsdiqləyiblər. İstintaq orqanının yaxın vaxtlarda Tsarukyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verəcəyi bildirilir.
Siyasi həbslə yanaşı, biznes imperiyasına qarşı da ciddi təzyiqlər başlayıb. Məlumata görə, Tsarukyana məxsus Tsaxkadzordakı hotellər artıq möhürlənib. Eyni zamanda, onun rəhbərlik etdiyi “Multi Group” konserninin tərkibində fəaliyyət göstərən onlarla şirkətin fəaliyyəti dayandırılıb. Bu qərarın nəticəsi olaraq təxminən 7 000 əməkdaş bu gündən etibarən məcburi məzuniyyətə göndərilib.
Natiq Səlim,
KONKRET.az
