Qarabağa açdığımız yeni qapılar, həmsədrlər və separatçıların bağlanan qapıları…backend

Qarabağa açdığımız yeni qapılar, həmsədrlər və separatçıların bağlanan qapıları...

ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) Rusiyadan olan yeni həmsədri yaxın günlərdə Ermənistana səfər edəcək. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. “Hazırda İqor Xovayev regional səfərdədir. O, Azərbaycan rəsmiləri ilə görüşlər keçirib. Analoji müzakirələr İrəvanda da olacaq”, – deyə XİN sözçüsü guya şad xəbər verirmiş kimi bildirib.

Yəqin az sonra o birilər də həvəsə düşüb atlana-atlana bölgəyə, Azərbaycana gəlmək istəyəcəklər. Amma boşuna vaxt itirirlər. Çünki siyasətdə “bir suya iki dəfə girmək” mümkünsüzdür.

İkinci yandan, zorən vasitəçilik olmur. Azərbaycan isə bu qərəzli vasitəçilikdən çəkdiyini çəkib. Yəni həmsədrlərin xristian Ermənistana açıq-aşkar havadarlığından, beynəlxalq hüquqa və öz mandatlarına tüpürərək, on illər boyu işğalı rəsmiləşdirmək cəhdlərindən, o sırada bağlı qapılar arxasında bizə “Dağlıq Qarabağın müstəqilliyini tanıyın” tıpli “həll modelləri”indən çoxdan bezib, boğaza yığılıb. Və nəticə də o olub ki, 44 günlük Vətən müharibəsində o, MQ-nin görməli olduğu işi təkbaşına görüb, öz ərazi bütövlüyünü özü təmin edib. Həmsədrlərə bir iş qalmayıb…

Təsadüfi deyil ki, Rusiyanın yeni həmsədrini Bakıda yalnız xarici işlər naziri Ceyhun Bayramov qəbul elədi – o da diplomatik etika xətrinə. Azərbaycan Prezidenti isə onunla görüşə lüzum görmədi. Bu, hamıya növbəti, aydın bir siqnal idi ki, bizə daha Minsk Qrupu-zad gərək deyil, özünüzə əziyyət verməyin və ayrı məşğuliyyət tapın, diplomat adına hörmət qoyun! Çünki Azərbaycanın indi Qarabağla bağlı başqa planları var və təzədən mənasız vaxt itkisinə yol vermək kimi lüksü yoxdur. 30 ilimizi “Minsk üçlüyü”nə xərclədik, yetər. Di gəl, qır-saqqız olub yaxamızdan əl çəkmək istəmirlər…

Baxın, 10 aydır Azərbaycan dövləti Böyük Qayıdış planı ilə məşğuldur. İşğaldan azad olunan ərazilərinin sürətli bərpasını həyata keçirir. Özü də dostlarımızı yaxşı mənada, düşmənlərimizi isə pis mənada şoka salacaq bir sürətlə. Bu gün açılan Füzuli Beynəlxalq Hava Limanı – Qarabağa açılan əsas “hava qapısı” bunun ilk qaranquşlarındadır. Separatçılara və onların MQ həmsədrləri timsalında göz dağı verəcək bir olaydır.

Təbii ki, ardı gələcək. Düşmən və havadarlarının bağrını çatladacaq başqa meqa-layihələrimiz də var.

 

Misal üçün, uzağı 2 aya Şuşaya Bakıdan ən qısa və rahat yolu tımin edəcək böyük Zəfər Yolu istifadəyə veriləcək. Öz ölkələrindən və bir də erməni separatçı tör-töküntülərindən savayı kimsəyə lazım olmayan həmsədrlər isə belə görünür bu möhtəşəm quruculuq prosesinə pəl vurmağa, ayağa dolaşmağa, süni əngəllər yaratmağa sanki and içiblər. Gündəmdə qalmaq və Ermənistana yarınmaq naminə bizə yenə “Atı arabanın arxasına bağlamağı” təklif edirlər.

Niyə, nə üçün buna razı olmalı, ağrımayan başımıza dəsmal bağlamalıyıq? Olmaya Azərbaycanı hələ də “zəif bənd”, məğlub tərəf sayırlar?! Ancaq məğlub artıq biz deyilik, “vasitəçi” ölkələrin on illərlə başını sığalladığı Ermənistandır – ordusu darmadağın edilən Ermənistan! Şərtləri də indi İrəvan yox, biz diktə edirik və… nida işarəsi!

Elə isə nədən Azərbaycan artıq tarixin “zibilliyinə” atılmış məsələlərlə bağlı danışıqlar masası arxasında əyləşib yenə qızıl kimi vaxtını itirməlidir? Axı az qala, uşaq da bilir ki, bədnam “vasitəçilərin” əsas hədəfi öz əlimizlə bizə qarşı təzyiq rıçaqı yaradıb, status söhbətini gündəmə qaytarmaq, bir ovuc erməni üçün Bakıdan siyasi, hətta dövlət statusuna yaxın status qoparmadır…

Bilməyənlər bilsin ki, erməni tərəfi “status” deyəndə yalnızca Şuşa daxil olmaqla, keçmiş DQMV-in ərazisini yox, bu gün hava limanının işə düşdüyü Füzuli, həmçinin Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və keçmiş Şaumyan rayonlarını da özündə birləşdirən mifik “artsax respublikasını” nəzərdə tutur. İştaha bax sən!..

Həmsədrlər isə deyəsən bizi “xam” bilirlər. Məsləhət görərdik ki, heç olmasa, bir dəfə divardakı təqvimə baxsınlar: bayırda indi 2020-cı ilin 26 sentyabrı yox, 2021-ci ilin 5 sentyabrıdır….

Zahid Səfəroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*