Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə ANAMA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin “Qaynar xətti”nə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.
Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.
Aşkar edilən hərbi sursat Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa və təhlükəli hallarda 805, 102 və ya 112 “Qaynar xətləri”nə məlumat verməyə çağırıb.
