Qazaxıstan hökuməti parlamentin aşağı palatasına seçkilərdən əvvəl istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Əlixan Smailovun başçılıq etdiyi Qazaxıstan hökuməti Məclisin (parlamentin aşağı palatası) yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib.
Konstitusiyaya görə, hökumət yeni seçilən məclisdən əvvəl istefa verir. Çərşənbə günü yeni çağırış parlamentariləri ilk iclasa toplaşıblar.
Tokayevin fərmanının mətnində deyildiyi kimi, o, Qazaxıstan hökumətinə respublikanın yeni hökuməti təsdiq olunana qədər öz öhdəliklərini yerinə yetirməyi tapşırıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, Qazaxıstan Prezidenti parlamentdə təmsil olunan siyasi partiyaların fraksiyaları ilə məsləhətləşmələrdən sonra Baş nazirin namizədliyini Palatanın baxılmasına təqdim edəcək və deputatların razılığını aldıqdan sonra onu vəzifəyə təyin edəcək. Hökumət üzvlərinin Prezident tərəfindən təyin edilməsi Baş nazirin Məclislə məsləhətləşmələrdən sonra verilən təklifi əsasında baş verir.
Xuraman Etibarlı,
KONKRET.az
