Qəbul imtahanları asanlaşdırılsın, təhsil 12 illik olsun – “Bu uşaqları əzməklə, nəyə nail oluruq?…”backend

Qəbul imtahanları asanlaşdırılsın, təhsil 12 illik olsun – “Bu uşaqları əzməklə, nəyə nail oluruq?...”

Şəmil Sadiq, təhsil texnoloqu, f.ü.f.d.,dos.

Məncə, DİM blok imtahanında sualları xeyli dərəcədə asanlaşdırmalıdır. Builki səbəb aydındır, pandemiya səbəbindən şagirdlər çox çalışdı, çox oxudu, çox yoruldu. Sualların qismən sadələşməsi, şagirdlərin yüksək bal toplamasına və psixoloji yorğunluğun vurduğu zərbədən qurtulmasına böyük dəstək ola bilər.

Ümumiyyətlə isə, bu addım uzun illər öncədən atılmalı idi. Bu yazımda bunun səbəblərini izah etməyə və əsaslandırmağa çalışacağam.

Bildiyimiz kimi, sualların çətinlik dərəcəsi ağırlaşdıqca, ümumi bal səviyyəsi aşağı düşür. Ballar aşağı düşdükcə isə universitetlərə qəbul zamanı keçid balı da aşağı düşməli olur. Bu da ona gətirib çıxarır ki, universitetlərə ayrılan qəbul yerləri dolmur. Deməli, universitetlərə sənəd verən şagird 150-200 balla qəbul olunur, yuxarı bal toplayan şagirdlərin sayı yetərincə az olur, statistikalarda da təhsilimizin bərbad gündə olduğu görünür. Bilirsinizmi, sual səviyyələrini elə qoymaq olar ki, heç 500 baldan yuxarı toplayan olmasın və ya ortalama bal səviyyəsi çox yüksək olsun. Bu, birbaşa suallara qoyulan tələbdən asılıdır, yəni sualı tərtib edən şəxsin əlindədir ki, keçid balları 150-200 yox, 300-400 balın üstündə olsun.

Hazırda isə biz bunun əksini görürük, sualların çətinlik səviyyəsi ağır olduğundan ümumiyyətlə orta statistik nəticə aşağı olur və keçid balları 150-250 bal aralığında olur. Gəlin bir anlıq düşünək, əgər hər hansı bir şagird universitetə 150 balla yox, 300-400 balla qəbul olarsa, nə qazanmış olar?

Birincisi, yüksək əhval-ruhiyyə, ikincisi sabaha böyük ümid, üçüncüsü ailə, dost-tanış, universitetdə müəllimlərin ciddi qınağından qurtarmaq. Əgər belə olarsa, dost-tanışın “nə böyük iş görmüsən ki, 150 bal toplamısan”, universitetlərdə müəllimlərin “Günah sizi 150 balla universitetə qəbul edəndədir” zarafat dolu tənələri o gəncə “zəifsən” psixologiyasını yükləməz.

Hər il qəbul imtahanlarından sonra elan edilən statistika ifadə edir ki, sən demə, ölkədə təhsilin səviyyəsi çox aşağı imiş. Beləliklə də təhsilimizə inam itir. Bir halda ki, 150 balla universitetə qəbul olub oxumaq olur, o zaman niyə həmin gənc 300 və üstü balla qəbul olmasın? Onsuz da, təhsil həm də bir biznes sahəsidir və buna görə də yerli universitetlərə qəbul olmayan minlərlə gənc sadəcə attestatla xarici universitetlərə üz tutur. Bu da ölkədən gedən böyük bir maliyyədir. Bu maliyyə ölkədə qalsa, xalqın təhsilə inamı artarsa, bunun nəyi bizim ölkəmiz üçün zərərli olar? Digər tərəfdən də, övladının təhsil alması üçün minlərlə valideyn həm mənəvi, həm də maddi baxımdan böyük əziyyət çəkir. Heç o 150 balı toplamayan minlərlə şagird xarici universitetlərə üz tutur və milyonlarla sərmayə xaricə daşınır. Sonra həmin gənclər yenə qayıdıb bu ölkədə çalışırlar…

Uzun illərdir bu prosesin içində olduğumdan müşahidə edirəm ki, sanki bir sindrom yaranıb, şagirdlər o kitabları əzbərləyib sirləri çözdükcə, balları yaxşı nəticə gösətərməyə yaxınlaşdıqca qəbulda sualları seçən bunkerlər “kim daha çətin sual sala bilər” yarışına girib. Axı, bu belə olmamalıdır. İndiyə qədər hər il 700 bal toplayan şagirdlərin sayı ümumilikdə 10 nəfərdən artıq olmur. Tam xatırlamasam da, hansısa il bu rəqəm 15 nəfərdən çox idi və bu da böyük bir ajiotaj yaratdı ki, qoymayın, suallar asanlaşıb. Əslində, suallar asanlaşmır, müəllimlər DİM-in suallarının metodikasını çözür və şagirdləri məhz o suallara cavab verəcək şəkildə hazırlayırlar. Bunu bu işlə məşğul repetitorlar daha yaxşı bilir. Tutaq ki, ölkədə 700 bal toplayan 10 nəfər yox, 100 nəfər oldu. Məgər bu zaman DİM-in reytinqi düşəcəkmi? Əlbəttə ki, yox, olsa-olsa Təhsil Nazirliyinin reytinqi qalxacaq. Axı bunun nəyi pisdir?! Burda itirdiyimiz və qazandığımızı düşünürükmü? Düzdür, bunu etiraf edək ki, abituriyentlərin hazırlığında hazırlıq kursları və repetitorların da əməyi çoxdur, lakin unutmayaq ki, həmin repetitor və kurslarda işləyən müəllimlərin əksəriyyəti dövlət məktəblərinin müəllimləri, şagirdlər isə hansısa məktəbin şagirdidir.

Bir insana hər dəfə başını qaldıranda “sən zəifsən”, “sən bacarmazsan” deməklə, onu məhz bu cür tərbiyə etmiş oluruq. O da həmişə bacarmadığını zənn edir və həmin psixologiya ilə böyüyür. Gəlin özümüzə “böyüksən” deməyi öyrənək, motivasiya edək. 16-17 yaşlı uşaqlarımız yazıqdır. Sözün əsil mənasında yazıqdır axı. Onlara stimul verməli olduğumuz yaşdadırlar, onları əzməklə, biz bu millətin sabahını qurtara bilmərik.

Bir şagird universitə qəbul olmaq üçün 5 fəndən, hər fənnin isə 5-11-ci sinif dərsliklərindən hazırlaşmalıdır. Bu da toplam 30 kitab edir. Bunlar hələ dərslikdir. Daha yaxşı nəticə toplamaq, küncdə-bucaqda qalan, qazılıb, qazılıb çıxarılan faktoloji sualları əzbərləməsi üçün DİM-in də hazırladığı müəyyən əlavə vəsaitləri də oxumalıdır. Bunları da üstə gəlsək, 60-dan çox kitab, hər vəsait də 300 səhifədən hesablanılsa, 18000 səhifə edir. Axı, o bədbəxtlər bu işgəncəni niyə yaşamalıdır?! Bir şey ki, universitetə qəbul olandan sonra öyrəndiklərinin 10-15 faizi ona həyatda lazım ola, ya da olmaya.

Bu, həm də sanki uşaqlarımızı Azərbaycan dilindən, tarixindən, ədəbiyyatından, coğrafiyasından uzaqlaşdırmaq və ya sinsitməkdir. Bunun da niyəsini deyim. SAT, YÖS, TOEFL, İELTS kimi beynəlxalq imtahanlar var ki, 5-6 ay ərzində cəmi bir və ya iki fəndən yaxşı hazırlaşmaqla bizim universitetlərdən qat-qat güclü təhsil verən ali məktəblərə qəbul olmaq mümkündür. Hələ mən aşağı bal toplayıb, sadəcə attestatla qəbul edən dünya universitetlərini heç nəzərə almıram. Sadəcə riyaziyyat və ingilis dilindən hazırlaşaraq, bəzən də ödəniş və təhsil keyfiyyəti bizim universitetlərlə müqayisədə daha münasib olan ali məktəbləri qoyub, niyə ağır proqramlarla hazırlaşaraq, yerli universitetlərdə təhsil almağa maraqlı olsun ki, şagird?! Məhz bunun nəticəsidir ki, 8-ci sinifdən sonra şagirdlərimiz qəbulda ona lazım olmayan fənləri oxumaqdan əl çəkir və rahat, kiçik bir zəhmətlə xarici proqramlarla hazırlaşır. Heç uzağa getməyək, bu gün ölkəmizin sayılıb-seçilən universitetlərindən olan ADA SAT balı ilə tələbə qəbul edir. Bu universitetə bizim abituriyent sistemi ilə qəbul olmaq üçün 500-dən artıq bal toplamalısan. İndi şagird iki fəndən – riyaziyyat və ingilis dilindən hazırlaşmaqla (bu da maksimum 7-8 kitab olar) universitetə qəbul ola bilirsə, niyə 60 kitab oxumalı və “kitab yüklü eşşəyə” çevrilməlidir? Normal məntiqi olan insan bunu anlayır. Bu zaman bilirsiniz nə baş verir? Biz ingilis dilli vətəndaş yetişdirməyə sürükləyirik özümüzü. Ona görə ki, artıq o Azərbaycan dilini, tarixini, coğrafiyası, ədəbiyyatını oxumaqdan əl çəkir. Məhz bunun səbəbidir ki, 8-ci sinifdən şagidlər hazırlığa başlayır. Məhz qəbul suallarının ağırlığı, valideynləri repetitorlara yönləndirir ki, bu da “təhslimiz bərbaddır”, “təhsilimiz geriyə gedir”, “məktəbdə təhsil yoxdur”, “repetitorlar olmasa, batarıq” düşüncəsini aşılayır. Vallah, billah olmaz belə. Bir az düşünsək, sualları sadə, anlaşıqlı, məntiq əsaslı, yəni normal səviyyədə edərək, şagirdlərimizi məktəblərə qaytara bilər, repetitorluq, kursçuluq bazarına bu qədər ehtiyac duymarıq. Arada düşünürəm ki, sanki hansısa əl bu repetitorluq bazarına nəzarət edir və bunun çökməsini istəmir. Bir növ şagirdləri əlavə hazırlıqlara yönləndirir. Çünki suallara baxanda aydın görünür ki, xüsusi hazırlıq olmasa, ciddi şəkildə əzbərlədilməsə, “priyomlar” öyrədilməsə, məktəb dərsi ilə qəbulda normal bal toplamaq mümkün deyil. Çünki Təhsil Nazirliyinin dərslikləri ilə yanaşı, DİM-in də dərslikləri var və müəllimlər bu kitabları da şagirdlərə aldırmaq və oxutdurmaq məcburiyyətindədir. Nə qədər etiraz edilsə də, proqram Təhsil Nazirliyinin proqramı olsa da, suallar DİM-in vəsaitləri əsasında hazırlanır.

Digər bir tərəfdən də hər il özəl ali məktəblərin əksəriyyətində plan yerləri yarımçıq qalır. Bu da özəl təhsil sektorunun inkişafının qarşısını alır. Plan yerləri dolarsa, ciddi rəqabət yaranarsa, həmin universitetlər ödənişlərinə yenidən baxar, yeni universitetlər açılıb daha uyğun təhsil təklif edər. Məhz bunun da təsiridir ki, özəl universitetlərimiz daha çox dotasiya ilə yaşayır. Qəbul prosesini sadələşdirməklə, universitetlərin buraxılışını sərtləşdirməklə, daha yaxşı nəticələr əldə edə biləcəyimizə əminəm.

Burda bir şeyi də vurğulamalıyam ki, 12 illik təhsil sisteminə keçməklə də, bu məsələdə irəliləyiş əldə edə bilərik. Universitetə qəbul 11-ci sinfi bitirdikdən sonra keçirilir. Hazırlanan suallar isə 5-ci sinifdən keçirilmiş materiallar əsasında hazırlanır. Məktəb proqramında isə 10-11-ci sinif dərsliklərinin yeni mövzuları var. Əksər fənlərdə mart ayından sonra təkrarlar başlasa da, bu ağır proqramı heç bir müəllim məktəbdəki saatların hesabına doldura bilməz. Məhz buna görə də şagird məcbur olub müəllimdən əlavə vaxt istəyir ki, sözsüz, bu da əlavə xərcələrə səbəb olur. Əgər 12 illik təhsil sisteminə keçirilsə, son iki ilin proqramı sadəcə hazırlıqlara ayrılsa, burdan da şagird və valideynlərimiz qabağa düşər ki, bu da ümumilikdə təhsilimizin qazancı olar.

Düşünürəm ki, universitetlərə qəbul suallarını sadələşdirməklə, neçə gənci psixoloji travmadan azad edə, başıuca gəzməsinə şərait yarada bilərik. Təhsilimizin səviyyəsinin heç də deyilən qədər aşağı olmadığını görüb müəllimlərə inanarıq, onlara minnətdar olarıq və stimul verərik, xarici universitetlərə axının qarşısını alarıq, valideynlərimizin büdcəsinə xeyir verərik, şagirdlərimizi bir vətəndaş kimi yetişməyə yönləndirərik.

P.S. Uca səslə vurğulayım ki, bu yazımla heç kimin bostanına daş atmıram. DİM-in obyektiv imtahanlar keçirməsini heç kim dana, işinin keyfiyyətinə şübhə edə bilməz. Sadəcə yanaşmanı dəyişməklə öz dəyirmanımıza su tökə bilərik. Amma və lakin mən Hüseyn Cavid romantikası ilə milləti ucaltmağın yeganə yolunu ona “Ucasan!” deməkdə görürəm, şillə-şapalaq vurub, “sən elə bu qədərsən…” deməklə yox.

  • Kərimova
    Avqust 3, 2020 - 11:35

    Cox gözəl söylədiniz.Mən inanıram ki, müəllim ordusu sizin söylədiklərinizlə razıdı.
    Bir əlavəm var:məktəb proqramı o qədər çətindir ki, universitetlərdə tədris etməyə belə mövzular qalmayıb.Hansı ki,xarici ölkələrdə qəbul asan universiteti bitirmək çətindir.Bizim uşaqlara isə orta məktəbdə bütün lazımlı lazımsız ağır mövzuları öyrətməye çalışırıq.Universitetdə təkrarlamaq qalır.

    • Əliyeva Gülnisə
      Avqust 3, 2020 - 12:10

      Abituriyentlər depresiyadadır. Qızım və onun hazırlıq yoldaşları buraxılış imtahanından sonra ruh düşgünlüyündədir. Demək olarki əksəriyyətinin ilk fikrinə gələn intihardır. Biz valideyinlərə yazığınız gəlsin . Bir pulumuz gedir birdə evldlarımız nevroza cevrilir. 4cü qrupa hazırlaşanların üzündən bədbəxtlik yağır. 17 yaşında travma və nifrətlə böyüyürlər. 6 fənn öyrənir. Biologiya və kimyanı professordan cox bilirlər. Həkim olmaq istəyərkən psixi nevroz olacaqlar.

    • Məhparə
      Avqust 3, 2020 - 20:14

      Mən bir şey də əlavə etmək istəyirəm.Həmən sizin söylədiyiniz dərsliklər 6-12manat dəyərində olur.Coxu valideyin imkani yoxdur bu kitabları alsın.Cunki bizim ölkədə verilən maaslarla bu kitabları almaq qeyri-mümkündür.Mən də bir valideyin kimi sizin fikirlərinizi dəstəkləyirəm.

  • Azer
    Avqust 3, 2020 - 11:52

    Siz universitet adını çox kiçildirsiz sadələşdirirsiz. Zeifin universitetde nə işi var. Zəif güclü olmağ üçün çalışmalıdı. olmadı alınmadı bir daha

    • Anonim
      Avqust 3, 2020 - 12:08

      sizin suallardan xeberiniz var?

    • Əliyeva Gülnisə
      Avqust 3, 2020 - 12:16

      Elmli olmaq yaxşıdır. Amma bu sistemin yetişdirdiyi uşaqlar psixi nevroza daha tez yiyələnirlər. 4cü qruplar 6 fəni ən az müəllim qədər bilməlidir. Həkim olmaq istərkən xəstə olurlar.

    • Omer
      Avqust 3, 2020 - 13:21

      Indi zeif guclu yoxdu pulun varsa oxuyursan

  • Anar Məmmədov
    Avqust 3, 2020 - 12:43

    Azer. Mən sizinlə razıyam. Qoy adı qalsın ki, bizdə təhsil aşağıdır. Amma belə olan halda uşaqlar pulla da başa gəlsə daha savadlı olacaq. İmtahana qalsa bilən uşaq yazar. Amma aşağı reytinqin səbəbi cavaba balın nisbi verilməsidir. Bir də bizim səhv baxışımız. Bizə bal rəqəm maraqlıdır. Savad deyil. Bu cəhətdən məqaləylə razıyam.

  • Atilla
    Avqust 3, 2020 - 14:43

    Nece gozel sozler deyirsiz amma cetin ki bu meseleye sagird ordusundan basqa da kimse baxa

  • Aunur Məmmədova
    Avqust 3, 2020 - 14:43

    Mən bir valideyn kimi məncə dərslərin proqramın çox asan eləsinlər !!! Səbəb budur budur ki dərs proqramı çox çətindir 9 cu sinifdə buraxılış imtahanlarını təcili yığışdırsınlar məncə 9 ci sinif aşağı sinif sayılır müəllimlər yaxşı dərsləri keçmirlər yaxşı öyrətmirlər,, buna görə dəmuşaqlarımızda buraxılış imtahanında çox aşağı səviyyədə yazırlar xahiş edirik məktəblər və universitetlər təcili əvvəlki qaydada açsınlar online dərslərin keçirilmısini istəmirik !!!! Heç bir keyfiyyəti yoxdur həm də uşaqlarımızın gözləri zəifləyir məncə təhsilin əla olması üçün müəllimıərin üstünə düşmək lazımdır ki uşaqlarımızı əla öyrətsinlər 9 cu sinifdə olan buraxılış imtahanlarını da həmişəlik yığışdırsınlar!!!!!

  • Fatimə
    Avqust 3, 2020 - 14:45

    Kaş hər kəs biz şagirdləri bu qədər gözəl anlaya bilsə.Zülüm çəkirik həqiqətən tək şagirdlər yox elə valideynlərdə. 4-cü qrupam və 6 hazirliğa gedirəm hələ bunun dəftər kitabini demirəm evdə üzr istəyirəm hamamda belə kitab tapmaq olur.Psixologiyadan danişmağa heç ehtiyac yoxdu.Bu imtahan sistemi bizi ali məktəbə yox ali dəlixanaya hazirlaşdirir!!!!!

  • Nihad
    Avqust 3, 2020 - 15:53

    Xahiş edirəm bunu yaxın vaxtlarda gerçəkləşdirin

  • Peyman xəlil
    Avqust 3, 2020 - 16:33

    Çox gözəl yazmısıZ təsəlkkur

  • Hüseynova
    Avqust 3, 2020 - 17:47

    Çox gözəl və aydın vurguladınız. Mənim oğlym abituriyentdir. Düzdür hər gün oxu deyirəm,amma yazığım da gəlir. Eyni şeyi nə qədər oxusun. Bu pandameya ən çox abituriyentərə təsir etdi həm mənəvi hım də psixoloji cəhətdən. Son zəngləri olmadı, heç olmasa bu imtahan vaxtında keçirilsə idi bir az özlərinə gələrdi uşaqlar.

  • Zehra
    Avqust 3, 2020 - 17:56

    Cox gozel dusunursunuz.

  • Ayişə
    Avqust 3, 2020 - 19:25

    Bəli çox gözəl söylədiniz tez bir zamanda gerçəkləşə əla olar

  • Leyla
    Avqust 3, 2020 - 20:22

    Fikrinizlə tamamilə razıyam. Mən 3- cü qrupa hazırlaşıram. Keçid balları o qədər yüksəkdir ki, baxanda belə adamı ağlamağ tutur. Nə vaxt olacaq imtahanlar görəsən bizdə rahat nəfəs alaq.

  • Fateh Əlizadə
    Avqust 3, 2020 - 21:38

    Məncə qəbul imtahanların asan etsəniz daha yaxşı olar. 3-cü qrupa hazırlaşıram, amma keçid balları çox yüksək, suallarda çox çətindir. Digər ölkələrə nisbətən bizim ölkədə ali məktəblərə qəbul olmaq çox çətindir. Həmdə son illərdə ölkəmizdə 700 bal toplayan abituriyentlər azdır, demək olarki, yoxdur. Bunlara nəzər yetirilsə çox yaxşı olar!

  • Sevinc
    Avqust 3, 2020 - 22:19

    Əlbəttə çox yaxşı olar.Duwunende 8ci sinifdən hazırlığa gedirik 8ci sinifdən eyni şeyləri öyrənirik.Sonda ya pandemiya ya müharibə olur.Onsz əqli cəhətdən yorğun oluruq,imtahan həyəcanı,qəbul olacam olmayacam stresi indidə pandemiya, psixologiya cəhətdən təmiz çökmüşk demey olar,Suallarda çətin olduqca oxumağa hevesde qalmır.Bizide bawa düşün

  • Elnarə
    Avqust 4, 2020 - 08:38

    Xayiş edirik bu suaları birəz aasanlaşdırın bizlər 3 cü qurupuq amma keçid baları çox yüksəkdir bu da bizə pis təsir göstərir ya girəciyiy ya yox suaları başımızda dolaşır .Sizin fikirlərinizlə də razıyıq.

  • Elnarə
    Avqust 4, 2020 - 08:41

    Çox gözəl yazmısız inşallah bu aydan nəzərə alarlar bu dediklərinizi

  • Leyla Zeynalova
    Avqust 4, 2020 - 11:12

    Men bir abituriyent olaraq imtahan sulalrindan hec de narazi deyilem axi bu suallarin en azindan yarisini yaza bilmeyen abituriyentin universtetde ne isi var dogrudur tehsil sistemimizde catismamazliqlar var amma mence imtahan suallari cox yaxsi srviyyededri sadece bizim genclerin fikri oxumaqdan basqa her seye yonelir men bir abituriyent olaraq bunun sahidiyem ona gore mence usaqlari duzgun terbiye etmek lazimdir imtahan suallarini asanlasdirmaq lazim deyil cunki eziyyet ceken aldigi tehsilin validrynlerinin eziyetinin haqqini veren universtete qebul olmalidir axi hele ehtiyaci olan Bali yoxlaya bilmeyen telebe nece bir aile bascisi nece bir vetene layiqli ovlad olacaq!?

  • Leyla Zeynalova
    Avqust 4, 2020 - 11:20

    Men bir abituriyent olaraq imtahan suallarindan hec de narazi deyilem.Suallar orta seviyyede dusur,mence axi o imtahan suallarinin hec olmasa yarisini yaza bilmeyen abituriyentin universtetde ne isi var!?mence biz imtahan suallrini asanlasdirmali deyil sagirdlerin fikrini derse toplamaliyiq mende bir sagird olaraq usaqlarin fikrinin dersde olmadigini dersden daha cox basqa seylere vaxt ayirdigini dusunurem.Eger bir sagirid imtahan suallarinin yarisina cavab verib universtete daxil ola bilmirse o insan nece gelecekde aile bascisi olacaq?nece vetene layiqli ovlad olacaq?Baxin bizim esas problemimiz budur biz bu problemin helli uzerunde durmaliyiq abituriyentlere oxumagin deyerini onlarin geleceyi ucun nece vacib oldugunu aşilamaliyiq.

  • Aliye
    Avqust 4, 2020 - 12:20

    Bu fikirlerle razilasiram
    Sagirdler oxumaqdan o qeder yorulurlar ki bunu seve seve ede bilmirler. Bu sebebdendir ki oxumaga heves azalir. Oxumaq ancaq qebul imtahani xetrine olur. Buna care ancaq burda yazilan fikirlerin tesdiqlenmesidir.

  • İlknur
    Avqust 4, 2020 - 23:08

    Mence tehsilin 12 illik olmağı çox super fikirdir. Bunun olmağını 11 ci sinife keçen ve her an stress keçiren bir abituriyent olaraq çox isteyirem. 1 ilde artırsalar ve yalnız qrup fenleri deyilde diger fenleri öyrenmeyimize şerait yaratsalar çox yaxşı olar

Zehra üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*