“Qətl xəbərlərinin mediada ətraflı yayılması insanları buna təşviq edir” – SOSbackend

"Qətl xəbərlərinin mediada ətraflı yayılması insanları buna təşviq edir" - SOS

Sirr deyil ki, son illər ölkəmizdə təcavüz, zorakılıq, qətl hadisələrinin sayı xeyli artıb. İnsanların bir-birinə qarşı emossional və aqressiv münasibətləri cəmiyyətdə get-gedə ciddi təhlükələrə yol açır. Təsadüfi deyil ki, ötən on gün ərzində ölkədə təkcə qadınlarla bağlı beş qətl hadisəsi baş verib. Sözsüz ki, bütün bunlar sosial statusundan asılı olmayaraq, hər kəsin psixologiyasına mənfi təsir göstərir. Bəs görəsən, cəmiyyətdə qətl, zorakılıq hadisələrinin artmasına səbəb nədir? İnsanlardakı aqressiya nədən qaynaqlanır? Qarşısını almaq üçün hansı tədbirlərin görülməsi vacibdir?

Elnur Rüstəmov

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran tanınmış psixoloq Elnur Rüstəmov bildirib ki, ailə daxilindəki problemlər düzgün həll edilmədiyi üçün zorakı hadisələr artır :

“Son zamanlar ailədaxili münaqişələr, konfliktlər, boşanmalar, zorakılıq halları və bunun kimi digər neqativ halların artdığının şahidi oluruq. Əslində bu proses bir neçə illərdir baş verir və bu gün də davam edir. Biz istər ər-arvad, istərsə də valideyn-övlad münasibətlərində müəyyən problemlərin olduğunu görürük. Bu problemlərin düzgün həll edilməməsi səbəbindən cinayət və qətl hadisələri baş verir.

Digər tərəfdən, biz yeni informasiya texnologiyaları dövründə yaşayırıq. Bu da insanların psixoloji durumuna, əhval-ruhiyyəsinə və şəxslərarası münasibətlərə təsir göstərir”.

Psixoloq vurğulayıb ki, bu cür hadisələrin qarşısını almaq üçün insanlar arasında psixoprofilaktik tədbirlərin görülməsi vacibdir:

“Düşünürəm ki, bu cür hallardan qorunmaq, psixoloji immuniteti formalaşdırmaq üçün ilk növbədə cəmiyyətdə maarifləndirmə işi aparmaq, psixoprofilaktik tədbirlər görmək lazımdır. Dəyərlərə əsaslanaraq, yeni dövrün ailə modeli, tərəflərin məsuliyyəti və öhdəlikləri formalaşmalıdır. Valideyn-övlad münasibətlərini daha müsbət tərəfə aparmaq üçün maarifləndirməni gücləndirmək lazımdır. Problemli ailələr zamanında aşkar olunmalı, bu ailələrə sosial-psixoloji dəstək göstərilməlidir ki, problemlər zamanında həll olunsun və daha böyük fəsadlara gətirib çıxarmasın.

Bu gün bu istiqamətdə görə biləcəyimiz işlərdən ən əsası, qeyd etdiyim kimi, maarifləndirmə işinin aparılması, psixoprofilaktik tədbirlərin görülməsidir. Əgər bu tədbirlər görülərsə, problemlər zamanında aşkar olunar, onların həlli istiqamətində də addımlar atıla bilər.

İstər ailədaxili zorakılıq, istər boşanma, istərsə də valideyn-övlad arasındakı münasibətlər bir gün ərzində yaranmır. Bu, zamanla baş verir və bunun həlli istiqamətində düzgün addım atılmadığı təqdirdə acı nəticələrlə sonlanır. Həm orta məktəblərdə, həm ali məktəblərdə, həm də cəmiyyətin digər sosial təsisatlarında maariflənmə işinin aparılması problemlərin qismən tənzimlənməsinə şərait yarada bilər”.

Sosioloq Lalə Mehralının sözlərinə görə, bu cür hadisələrin artmasının bir səbəbi də insanların psixoloji durumunun yerində olmamasıdır:

“Bu hallar əvvəl də tez-tez baş verirdi, sadəcə mətbuatda o qədər də yayımlanmırdı. Sosial şəbəkələrin həyatımıza daxil olması ilə bu məlumatların yayılma sürəti də artdı.

Təbii ki, son vaxtlar zorakılıq və qətl hadisələrinin sayının artdığını heç kəs inkar edə bilməz. Bunun bir səbəbi də insanların sosial-psixoloji vəziyyətinin yerində olmamasıdır. Xüsusilə pandemiyadan sonra cəmiyyətdə ciddi formada psixoloji narahatlığı olan insanlar görürük. Hesab edirəm ki, buna ilk olaraq sosial problemlər və onların yaratdığı mənəvi-psixoloji məsələlər səbəb olur. Amansızlıqla ana öz övladını, övlad öz valideynini öldürə bilir, yaxud da ər-arvad arasında olan münaqişə sonda qətl hadisəsi ilə nəticələnir. Dəhşətlisi odur ki, çox vaxt kimsə kimi sadəcə öldürməklə kifayətlənmir, amansızlıqla qətl edir. Yəni o qətli törədərkən də dəhşətli üsullara əl atırlar”.

Lalə Mehralı, sosioloq

Sosioloq onu da əlavə edib ki, qətl xəbərlərinin mediada ətraflı yayımlanması insanları buna təşviq edir:

“Ümumiyyətlə, mən bu tip qətl, təcavüz hadisələrinin mətbuatda yayılmasının tərəfdarı deyiləm. Bu halların efirlərdə, mətbuatda və sosial şəbəkədə yayılmasının qarşısını almaq lazımdır. İçində zorakılığa meylliliyi olan, psixoloji vəziyyəti yerində olmayan və ani böhran halında olan insanlar bu cür xəbərlərə baxıb, o qətli asanlıqla törədə bilirlər. Belə xəbərlər qətl etməyi düşünən, lakin buna cəhd etməyən insanları təşviq edir. Ona görə də belə məlumatlar mediadan yığışdırılmalı, ya da məhdud şəkildə yayımlanmalıdır. Yəni qətl hadisələrini hər detalına qədər ətraflı yayımlamaq olmaz. Bu cür yollarla milli-mənəvi və ailə dəyərləri məhv olur. Ümumiyyətlə, milli dəyərlər söhbəti “itib-batır”. İndi böyük-kiçiyə hörmət məsələsi aradan qalxıb. İnsanlar öz ailə üzvlərini belə amansızlıqla qətlə yetirirlər. Bu gün çevrəmizdə qəddarlaşmış insanlar artıb. Və əgər əlaqədar qurumlar bununla bağlı konkret tədbirlər görməsə, vəziyyət bizim düşündüyümüzdən də  təhlükəli hal alacaq”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*