“Qisasın alındı, cənab GENERAL”backend

"Qisasın alındı, cənab GENERAL"

İnsan doğulanda vətənpərvər doğulur. Aylar, illər ötdükcə, yaş üstünə yaş gəldikcə, formalaşır, mükəmməlləşir. Zamanı gələndə isə vətənpərvərlik rüşeymlərini, cücərtisini hər kəs görür, duyur, hiss edir.

Qarabağ torpağı düşmən tapdağında inlədiyi zamanda, hər kəs səbirsizliklə döyüş əmrinin veriləcəyi günü gözləyirdi. General Polad Həşimovun şəhidlik məqamına ucaldığı gündən sonra qisas hissi ilə alovlanan qəlblərin “irəli” əmrinin lap yaxın günlərdə veriləcəyinə inamları artmışdı. Bu qəlblərdən ən alovlusu isə təpədən-dırnağa vətən sevgisi ilə yüklənən Dövlətzadə Cəbrayıl idi. Generalın qisasını məhz onun alacağı sanki ürəyinə dammışdı. Elə bu səbəbdən də Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edən Cəbrayıl yorulmadan məşq edir, döyüş əmrinin veriləcəyi gün üçün hazırlıqlı olmağa çalışırdı.

Nəhayət, qisas məqamı yetişdi, sentyabrın 27-də “irəli” əmri verildi. Cəbrayılın vücudunda illərlə formalaşmış vərənpərvərliyi üzə çıxmaq üçün fürsət tapmışdı. Murovda düşmən mövqelərinin, həmçinin xüsusi postların ələ keçirilməsi planı reallaşdı. Əməliyatda 11 zabitlə yanaşı Cəbrayılın iştirak etməsi onun nə qədər cəsur bir ürəyə sahib olmasına işarə idi.

Komandir əməliyyat qabağı üzünü silahdaşlarına tutaraq:

– Bu əməliyyat ən çətin əməliyyatlardan biri olacaq. Qurduğumuz plan üzrə hərəkət edəcəyik. Biz əgər bu döyüşə giririksə, sonuna qədər gedəcəyik! Ya cənnət Qarabağımıza qovuşacağıq, ya da şəhadətə! Biz bu yola çıxmadıq ki, qələbəni qazanmadan geri dönək, biz bu yola çıxdıq ki, 30 ilin qisasını alaq! Biz bu yola çıxdıq ki, Qarabağ həsrətinə son qoyaq! Biz bu yola çıxdıq ki, illərlə ermənilərin yaratdığı mifi yox edək! İnanın, inanın ki, yenidən Ağdamdan muğamın səsi eşidiləcək, yenə də Laçında laçın oğullarımız yetişəcək, Arazın bu tayı ilə o tayını birləşdirən Xudafərin yenə birgəlik rəmzinə çevriləcək, Şuşada Xarı bülbül yenidən boy ataca! İsa bulağından axan sular, ürəyimizə sərinlik qatacaq!

Komandir sözünü bitirər-bitirməz “hücum” əmrini verdi. Hər düşmən əsgərini məhv etdikcə məğrur döyüşçülərin üzünə qürur dolu bir təbəsüm gəlirdi. Cəbrayıl: -Bu sürətlə davam etsək, əməliyyatı uğurla başa vuracağıq, öz-özünə danışırmış kimi dilləndi.

Zabitlər gülümsündü:

-Bu əməliyyatda sənin kimi qorxmaz, cəsur və məsuliyyətli bir igid iştirak edirsə, əlbətdə ki, biz bu döyüşdən qalib çıxacağıq!

Beləcə, silahdaşlar ruh yüksəkliyi ilə ən təhlükəli nöqtəyə tərəf  irəliləyirlər. Bu zaman Cəbrayıl irəli atılaraq zabitlərə səslənir:

-Siz ailəlisiniz, övladlarınız, ailəniz yolunuzu gözləyir, amma mən subayam. Siz dayanın!. Bu missiyanın öhdəsindən mən təkbaşına gələcəyəm.
Cəbrayıl düşmən postuna daxil olanda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. Əlbəyaxa döyüş zamanı düşmənə qan udduran Cəbrayıl, yalın əllə düşmən generalının, polkovnikinin üstünə gedəndə hədəfinə çatdığının fərqində idi. Gözlərini qan tutmuş Cəbrayıl ilk öncə düşmən generalını, sonra isə polkovnikini boğaraq öldürür və bir anlığına içindən bir hayqırdı qopur:

-Qisasın alındı, cənab General! Qanın yerdə qalmadı, cənab General!
Ağır yaralanan Cəbrayıl müvazinətini saxlaya bilməyib yerə yıxılır. Çox keçmir ki, döyüş yoldaşları hadisə yerinə gəlirlər. Yoldaşlarından biri : -Cəbrayıl çox qan itirib, təcili yardım etməliyik, deyir. Bu zaman Cəbrayıl özündə güc taparaq barmağı ilə “əla” işarəsini göstərir və son kəlmələri dilə gətirir:

– Mən generalımızın qisasını aldım, daha şəhadətimə rahat qovuşa bilərəm, -deyib son dəfə dərindən nəfəs alır və gözlərini bu dünyaya əbədi yumur.

O, Vətən müharibəsində cəmi bir gün iştirak etdi. Amma bu bir gündə, hətta bir neçə saat içində elə bir qəhrəmanlıq nümayiş etdirdi ki, dillərdə dastana döndü. Adına hekayələr yazıldı, bayatılar qoşuldu. Və beləcə, xatirəsi bütün Azərbaycan xalqının yaddaşında əbədiləşdi.

Aysu Türkel,

311 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, gənc yazar, qiraətçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*