Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağı ilə bağlı gözləntilər artsa da, ekspertlər yaxın perspektivdə kəskin qiymət dəyişiklikləri proqnozlaşdırmırlar.
Bəs qarşıdakı aylarda qızıl bahalaşacaq, yoxsa qiymətlər sabit qalacaq?
Mövzu ilə bağlı KONKRET.a-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, son dövrlərdə ABŞ-da məşğulluq göstəricilərinin zəifləməsi qızılın bahalaşacağı ilə bağlı müəyyən gözləntilər yaratmışdı.
Razi Abbasbəyli
Onun sözlərinə görə, sonrakı proseslər fərqli istiqamətdə inkişaf edib:
“Yaxın dövrlərdə qızılın qiymətinin bahalaşması ehtimalı yoxdur. Dünya bazarında, xüsusilə də ABŞ-da məşğulluq göstəricilərinin azalması qızılın bahalaşacağı ilə bağlı müəyyən gözləntilər formalaşdırmışdı. Lakin dolların möhkəmlənməsi, geosiyasi mühitdə nisbi sabitliyin yaranması və Yaxın Şərqdə gərginliyin azalması investorların qızıldan çıxaraq real sərmayə bazarlarına yönəlməsinə səbəb olub. Buna görə də hazırda qızılın qiymətində ciddi bahalaşma proqnozlaşdırılmır.”
İqtisadçı qeyd edib ki, ilin ikinci yarısından etibarən müəyyən qiymət dəyişiklikləri mümkündür. Bununla belə, söhbət kəskin artım və ya enişdən getmir.
“Dünya Qızıl Şurasının proqnozlarına görə, ilin ikinci yarısından sonra qızılın qiymətində müəyyən dalğalanmalar ola bilər. Bu dəyişikliklərin 3-5 faiz civarında olacağı gözlənilir. Belə dalğalanmalar bazar üçün normal hesab edilir və nə ciddi bahalaşmaya, nə də kəskin ucuzlaşmaya səbəb olacaq.”
R.Abbasbəyli vurğulayıb ki, qlobal geosiyasi risklər tam aradan qalxmasa da, onların yaxın dövrdə kəskinləşəcəyi ilə bağlı gözləntilər də yüksək deyil.
“Dünyanın yeni geosiyasi düzənində həm NATO ilə ABŞ arasındakı münasibətlərdə, həm də Yaxın Şərqlə bağlı proseslərdə müəyyən həssaslıq qalmaqdadır. Hər an hərbi və ya siyasi gərginlik yarana bilər. Məhz buna görə də qızılın ciddi ucuzlaşması gözlənilmir. Digər tərəfdən, gərginliyin artması ehtimalı da yüksək olmadığı üçün qızılın bahalaşacağı proqnozlaşdırılmır.”
İqtisadçının fikrincə, əgər qarşıdakı təxminən altı ay ərzində gözlənilməz hərbi və ya siyasi hadisələr baş verməzsə, qızılın qiyməti əsasən sabit qalacaq. Qızıl bundan sonra da etibarlı və sığortalı investisiya aləti statusunu qoruyacaq. Lakin yaxın aylarda qiymətində ciddi dəyişiklik gözlənilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az
