Qlobal bazarlarda həftənin son iş günündə texnologiya şirkətlərinin güclü maliyyə göstəriciləri və ABŞ Mərkəzi Bankının (Fed) faiz istiqamətinə dair gözləntilər investorların risk iştahını artırdı.
KONKRET.az xəbər verir ki, süni intellekt investisiyalarına dair nikbinliyin yenidən güclənməsi ilə xüsusilə texnologiya səhmlərində diqqətəlayiq yüksəlişlər müşahidə olundu.
ABŞ göstəriciləri Fed gözləntilərini dəyişdi
ABŞ iqtisadiyyatı ilin ikinci rübündə 1,5% böyüyərək bazar gözləntilərinin altında qaldı. Eyni dövrdə şəxsi istehlak xərclərindəki yavaşlama və inflyasiya göstəricilərindəki məhdud dəyişiklik FED-in faizləri daha uzun müddət mövcud səviyyələrdə saxlaya biləcəyinə dair gözləntiləri gücləndirdi. İşsizlik müavinəti üçün ilkin müraciətlərin gözləntilərdən aşağı olması isə əmək bazarının davamlı dayanıqlılığını göstərdi.
Geosiyasi proslər risk iştahını artırdı
İranın Hörmüz boğazı ilə bağlı Ománla diplomatik təmaslar qurduğunu açıqlaması Yaxın Şərqdəki gərginliyin azala biləcəyinə dair gözləntiləri gücləndirdi. Bu, qlobal bazarlarda risk iştahını dəstəklədi, istiqraz gəlirləri və neft qiymətləri geriləmə göstərdi. ABŞ-ın 10 illik istiqraz gəliri 4,65%-ə düşərkən, Brent neftinin barreli 85,4 dollara geriledi.
Microsoft yüksəldi, Meta gerilədi
“Microsoft”un güclü Azure performansı və gözləntilərdən aşağı kapital xərcləri proqnozu investorların diqqətini qazanaraq şirkətin səhmlərinin 15,5% yüksəlməsinə səbəb oldu. Meta isə gəlirini artırsa da, xalis mənfəətinin azalması səbəbindən dəyər itirdi. Yarımkeçirici sektorunda da güclü alışlar qeydə alındı — “Micron Technology” və AMD səhmləri ikirəqəmli yüksəliş göstərdi. Bunun nəticəsində Dow Jones, S&P 500 və Nasdaq indeksləri günü artımla başa vurdu.
Apple və Amazon hesabatları diqqət çəkdi
Bazar bağlandıqdan sonra maliyyə nəticələrini açıqlayan Apple xalis mənfəətini artırsa da, tədarük zənciri ilə bağlı gözləntilər səbəbindən bazardan sonrakı əməliyyatlarda geriledi. Amazon isə ikinci rübdə xalis mənfəətini güclü şəkildə artıraraq hesabatdan sonra səhmlərində yüksəliş qeydə aldı.
Avropa və Asiya bazarları
Avropa bazarlarında şirkət hesabatlarının gözləntilərdən yüksək gəlməsi alışları dəstəklədi. İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi. Avro Bölgəsi və Almaniyadan gələn böyümə göstəriciləri gözləntilərdən yüksək oldu, Almaniyada inflyasiyanın yenidən sürətlənməsi diqqət çəkdi. ABŞ-dakı texnologiya rallisi Asiya bazarlarına da yayıldı, xüsusilə Cənubi Koreyada texnologiya şirkətlərinin səhmlərində güclü yüksəlişlər müşahidə olundu. Yaponiya Mərkəzi Bankı gözləntilərə uyğun olaraq faiz dərəcəsini sabit saxladı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
