Bu hadisənin 2000-ci illərin əvvəllərində Kiyevdə baş verdiyi bildirilir. Məşhur “Oxmatdet” uşaq xəstəxanasının reanimasiya şöbəsində beş yaşlı bir oğlan uşağının həyatı sönmək üzrə idi. Ağır yol qəzasından sonra o, artıq iki həftə idi ki, dərin koma vəziyyətində yatırdı. Həkimlər anasına açıq şəkildə demişdilər:
— Biz əlimizdən gələni etdik. Özünüzü hazırlayın, onun səhərə qədər yaşaması çətin görünür.
Dərddən ağlını itirmək həddinə çatan ana palatadan dəhlizə qaçdı. Yaşlı tibb bacılarından biri onu saxlayaraq əlinə kiçik bir kağız parçası verdi:
— Burada oturub gözləmə. Holoseyevoya get, ana Alipiyanın yanına.
Alipiya rahibə Kiyevdə tanınmış müqəddəs qadınlardan biri hesab olunur. İnsanlar ən ağır dərdləri ilə bu gün də onun dəfn olunduğu müqəddəs Pokrov monastırına üz tuturlar.
Artıq hava qaralmışdı. Ana müqəddəs qadının məqbərəsinin qarşısında soyuq torpağın üstünə çökərək diz çökdü. O, kilsə dualarını yaxşı bilmirdi. Sadəcə hönkür-hönkür ağlayır, yeganə övladının xilas olması üçün yalvarırdı.
Oradan ayrılarkən çıraqdan bir qədər yağ götürdü və xəstəxanaya qayıtdı.
Reanimasiya şöbəsinə tələsik daxil olan qadın gördüyü mənzərədən yerində donub qaldı. Oğlunun palatasının qarşısında həkimlər ora-bura hərəkət edir, nəsə etməyə çalışırdılar.
Reanimasiya şöbəsinin müdiri, uzun illərin təcrübəsinə malik yorğun cərrah qadına yaxınlaşdı. Eynəyini çıxarıb alçaq səslə dedi:
— Bunun tibbi baxımdan necə baş verdiyini izah edə bilmirəm. Yarım saat əvvəl uşaq özü nəfəs almağa başladı və gözlərini açdı.
Ananı oğlunun yanına buraxanda uşaq çox zəif olsa da, artıq şüuru özündə idi. Qadın sevinc göz yaşları içində balaca əllərini ovuclarının arasına aldı. Elə həmin an oğlan asta səslə pıçıldadı:
— Ana, bəs o nənə hara getdi?
— Hansı nənə, oğlum?
— Elə o qoca nənə də… Qaməti əyilmişdi, başında tünd rəngli yaylıq vardı. Yaxınlaşıb başımı sığalladı və dedi: “Dur ayağa, yoxsa anan orada bütün monastırı göz yaşına qərq edib”.
Bu gün həmin uşağın artıq yetkin bir kişi olduğu, Kiyevdə yaşayıb işlədiyi söylənilir.
Holoseyevo monastırına isə insanlar bu gün də axın edirlər. Çünki inanca görə, səmimi dua, ana məhəbbəti və ümid insanın ən ümidsiz anında belə qəlbinə işıq sala bilər.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
Müəllif: Çernigov Pravoslavnıy
