Sosial media müasir gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə də, ondan uzun müddət və nəzarətsiz istifadə psixoloji vəziyyətə, özünəinam hissinə və yuxu rejiminə mənfi təsir göstərə bilər. Davamlı informasiya axını, başqalarının həyatı ilə müqayisə və ekran qarşısında keçirilən vaxtın artması stressə, emosional yorğunluğa və gündəlik həyat balansının pozulmasına səbəb ola bilər.
Bəs sosial medianın mənfi təsirlərindən qorunmaq və texnologiyadan sağlam şəkildə istifadə etmək üçün nələrə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva KONKRET.az-a açıqlamasında bildirib ki, sosial medianı yalnız zərərli və ya faydalı vasitə kimi qiymətləndirmək düzgün deyil. Əsas məsələ ondan necə və nə qədər istifadə olunmasıdır.

Psixoloqun sözlərinə görə, xüsusilə gənclərin sosial mediadan uzun müddət və nəzarətsiz istifadəsi zamanla onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu təsirlərin başında isə stress dayanır.
O, qeyd edib ki, insan gün ərzində davamlı olaraq xəbərlərlə, mesajlarla, bildirişlərlə və müxtəlif məzmunlarla qarşılaşdıqda beyin fasiləsiz informasiya axınına məruz qalır. Mənfi xəbərlər, başqaları ilə müqayisə və emosional yüklənmə insanın zehni yorğunluğunu artırır, rahatlanmasını çətinləşdirir.
Nabat Mirzəyeva vurğulayıb ki, sosial media gənclərin özünəinam hissinə də təsirsiz ötüşmür. Belə ki, gənclər öz həyatlarını sosial şəbəkələrdə nümayiş etdirilən həyat tərzi ilə müqayisə etdikdə özlərini kifayət qədər dəyərli, bacarıqlı və ya uğurlu hesab etməyə bilərlər.
Psixoloq diqqətə çatdırıb ki, sosial şəbəkələrdə təqdim olunan həyat real həyatın tam mənzərəsini əks etdirmir. Buna görə də başqalarının paylaşdıqları əsasında özünü qiymətləndirmək yanlış düşüncələrin formalaşmasına və emosional narahatlığa yol aça bilər.
Mütəxəssisin fikrincə, sosial media yuxunu, dərsləri və canlı ünsiyyəti əvəz etməyə başlayırsa, bu, artıq gündəlik həyat balansının pozulduğunu göstərir.
O, bildirib ki, xüsusilə yatmazdan əvvəl telefondan uzun müddət istifadə etmək yuxuya getmə vaxtını gecikdirir, yuxu rejimini pozur və gün ərzində yorğunluğun yaranmasına səbəb olur. Uzunmüddətli ekran istifadəsi bəzi hallarda insanın real həyatda darıxmasına, sıxılmasına və gündəlik fəaliyyətlərdən əvvəlki qədər zövq almamasına da gətirib çıxara bilər.
Psixoloq sosial mediadan tamamilə imtina etməyin vacib olmadığını, əsas məqsədin istifadəyə müəyyən sərhədlər qoymaq olduğunu vurğulayıb. Bunun üçün yatmazdan əvvəl ekran vaxtını azaltmaq, yemək zamanı telefonu kənara qoymaq, dostlarla canlı ünsiyyətə, idmana və fiziki aktivliyə vaxt ayırmaq tövsiyə olunur.
Nabat Mirzəyevanın sözlərinə görə, gənclər sosial şəbəkələrdə gördükləri həyatları öz həyatları ilə müqayisə etməkdən çəkinməli və texnologiyadan istifadəyə nəzarət etməyi bacarmalıdırlar.
Psixoloq əlavə edib ki, insan istədiyi zaman telefonu kənara qoyub gündəlik fəaliyyətinə davam edə bilirsə, bu, texnologiyadan istifadəyə nəzarətin olduğunu göstərir. Əksinə, telefondan ayrılmaq çətinləşirsə və bu, gündəlik həyata mane olursa, istifadə vərdişlərinə yenidən nəzər salmaq lazımdır.
Aynurə İsmayıl
KONKRET.az
