Lalə Məmmədova Quba Rayon Təhsil Şöbəsində aparıcı-məsləhətçi vəzifəsində çalışır. O, fevralın 9-u keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 52 saylı Quba Seçki Dairəsinə sənədlərini təqdim edib.
KONKRET.az xəbər verir ki, gənc xanımın məruz qaldığı böhtan və təhdidlər də elə bundan sonra başlayıb. Lalə Məmmədova bildirir ki, rayon Təhsil Şöbəsində onun bu addımı birmənalı qarşılanmayıb.
“Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev məni çalışdığım müəssisədən “yerinə namizədim var” , – deyib və uzaqlaşdırmaq üçün 2 aydır ərizə yazmağımı tələb edir. Ərizə yazmadığıma görə qərəzli davranıb namizədliyimi geri götürməyim üçün mənə böhtan atıb. Təhdid və suçlamalarla qarşılaşmağım rayonda yetərincə hörmətə sahib bir qadın kimi nüfuzuma zərbə vurur. Bu təhdidlərə cavab olaraq, ona dediklərinin böhtan olmasını bildirsəm də, mənim namizədliyimi geri götürməyim üçün daha ciddi addımlar atır, ətrafımda olan insanların əli ilə mənə şər atmağa davam edir”.
Sadaladığı ittihamlarla üz-üzə qalan gənc xanım dövlət başçısı Prezident İlham Əliyevə də üz tutub. O, dövlət rəhbərinin son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsini əsas gətirərək ürəkləndiyini və deputatlığa namizədliyini irəli sürdüyünü deyir: “Lakin görünən odur ki, ölkə rəhbərinin gənclər üçün açdığı işıqlı yolu qapamaq istəyən məmurlarımız da az deyil. Əgər belə olmasaydı, Rüfət Hacıyev gənc xanımı dəstəkləmək əvəzinə, dövlətin islahatlarına qarşı çıxaraq onu vəzifəsindən imtina etməyə vadar etməzdi”.


