ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının mümkün namizədi kimi təqdim edib.
KONKRET.az ajansaz-a istinadən xəbər verir ki, Tramp bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
Rubionun Dövlət katibi vəzifəsində qalacağı ilə bağlı suala cavab verən ABŞ lideri onun fəaliyyətini yüksək qiymətləndirib.
“Düşünürəm ki, belə də olacaq. O, bu vəzifədən həqiqətən zövq alır və əla iş görür. O, fantastik fəaliyyət göstərir”, – deyə Tramp bildirib.
Müsahibə zamanı Trampdan 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədini dəstəkləyib-dəstəkləməyəcəyi də soruşulub.
“Ola bilsin, amma mütləq deyil. Bizim əla namizədlərimiz var. Yaxşı münasibətlərimin olduğu çoxlu insan var”, – deyə o cavab verib.
Vitse-prezident Cey Di Vensdən başqa hansı şəxsləri potensial namizəd hesab etdiyi barədə suala isə Tramp Marko Rubionun adını çəkib.
“Düşünürəm ki, Marko möhtəşəmdir”, – deyə prezident vurğulayıb.
Tramp bir neçə senator da daxil olmaqla, digər respublikaçı siyasətçilərə də böyük hörmət bəslədiyini bildirib, lakin onların adlarını açıqlamayıb.
O, 2028-ci il seçkilərində namizədə dəstək vermək məsələsində qərarını hələ dəqiqləşdirmədiyini qeyd edib və öz dəstəyinin seçkilərin nəticəsinə ciddi təsir göstərə biləcəyini vurğulayıb.
