Kardinal Rişelye: Müasir dövlətin memarı, yoxsa hakimiyyətin amansız mühəndisi?backend

Kardinal Rişelye: Müasir dövlətin memarı, yoxsa hakimiyyətin amansız mühəndisi?

O, Fransanı güclü dövlətə çevirdi, siyasəti dindən ayırdı, vahid idarəçilik və informasiya sisteminin əsasını qoydu. Lakin bütün bunların bədəli ağır idi: xalqın yoxsulluğu, üsyanlar, edamlar və hakimiyyətin sərtləşməsi. Kardinal Rişelye tarixə həm böyük dövlət xadimi, həm də amansız siyasi strateq kimi düşdü.

1642-ci il dekabrın 4-də Parisdə bütün Avropanın qorxduğu adamlardan biri — kardinal Arman Jan dü Plessi Rişelye vəfat etdi. Ölümündən təxminən 150 il sonra, 1793-cü ildə Fransa inqilabçıları onun Sorbonna kapellasındakı məzarını açdılar. Kardinalın mumiyalanmış başı qəbirdən çıxarılaraq müxtəlif şəxsi kolleksiyaların əlinə keçdi. Yalnız 1866-cı ildə, III Napoleonun hakimiyyəti dövründə onun qalıqları dövlət səviyyəsində, təntənəli mərasimlə geri qaytarıldı.

Maraqlıdır ki, öz keçmiş nazirinin başını axtarıb tapan, onu yenidən dəfn edən və xatirəsini dövlət səviyyəsində qoruyan Fransa elə Rişelyenin özünün qurduğu siyasi sistemin məhsulu idi.

O, müasir dövlətin memarlarından biri, bacarıqlı idarəçi, islahatçı və vətənpərvər hesab olunur. Lakin bu qiymətləndirmələrin hər birinin arxasında həm böyük siyasi nailiyyətlər, həm də ağır tarixi ziddiyyətlər dayanır. Rişelyeni anlamaq üçün onun fəaliyyətinə yalnız saray intriqaları və hərbi qələbələr prizmasından baxmaq kifayət deyil. Çünki o, təkcə Fransanı idarə etmirdi, dövlətin mahiyyətini dəyişirdi.

Bu yazıda həmin fikirləri əsaslandırmağa çalışacağıq. Və ola bilsin ki, sonda Rişelye haqqında indiyədək formalaşmış təsəvvürlərinizə yenidən nəzər salmaq istəyəcəksiniz.

Sədaqətin ünvanını dəyişən siyasətçi

Rişelyenin siyasi dahiliyini anlamaq üçün ilk növbədə onun hakimiyyətə gəldiyi dövrün Avropasına nəzər salmaq lazımdır.

Həmin dövrdə insanın siyasi sədaqəti, bir qayda olaraq, konkret şəxsə — senyora, krala, knyaza və ya papaya yönəlirdi. Sədaqət şəxsi münasibətlərə, dostluğa, vassallıq andına və dini bağlılığa əsaslanırdı. Rişelye isə bu ənənəni kökündən dəyişdirən yanaşma irəli sürdü: sədaqətin əsas ünvanı şəxs deyil, dövlət olmalıdır.

O, “dövlət”, “Fransanın maraqları” və “raison d’État” — dövlət mənafeyi anlayışlarını siyasi düşüncənin mərkəzinə gətirdi. Bu məntiqə görə, dövlət maraqları kralın şəxsi istəklərindən, kilsənin mövqeyindən, hətta dövlət xadiminin öz mənafeyindən də üstün tutulmalı idi.

Rişelyenin “Siyasi vəsiyyətnamə” əsərində ifadə etdiyi əsas fikirlərdən biri dövlətin mahiyyəti ilə bağlı idi: insanın ruhunun əbədiyyətə qovuşmaq imkanı var, dövlətin isə belə bir imtiyazı yoxdur. Onun varlığı hər an təhlükə altına düşə bilər. Buna görə də dövlətin qorunması təxirəsalınmaz vəzifədir.

Təsəvvür edin: Roma katolik kilsəsinin kardinalı dövlətin özünəməxsus xilas məntiqinə malik olduğunu, bu məntiqin dini və şəxsi maraqlardan üstün dayana biləcəyini bəyan edir.

Müasirlərinin xatirələrinə görə, ölüm yatağında bir ruhani ondan düşmənlərini bağışlayıb-bağışlamadığını soruşanda Rişelye belə cavab verib: onun heç vaxt dövlətin düşmənlərindən başqa şəxsi düşməni olmayıb.

Bu cavab onun siyasi fəlsəfəsinin mahiyyətini açır. Rişelye üçün siyasət şəxsi münasibətlər və emosiyalar üzərində deyil, dövlətin davamlılığı üzərində qurulmalı idi.

Əslində, o, sonrakı əsrlərdə Avropada formalaşacaq müasir dövlət sisteminin əsas prinsiplərindən birini irəli sürmüşdü.

Dövlət maşınının qurucusu: Bürokratiya, mətbuat və vahid dil

İndi Rişelyenin idarəçilik qabiliyyətinə nəzər salaq.

O, Fransada mərkəzi hakimiyyətin gücləndirilməsi üçün intendantlar institutunun fəaliyyətini genişləndirdi. Bunlar yerli zadəganlardan asılı olmayan, birbaşa mərkəzi hakimiyyətə tabe olan kral nümayəndələri idi. Onların əsas vəzifəsi bölgələrdə kralın iradəsini həyata keçirmək, vergi yığımına nəzarət etmək və yerli idarəçiliyi mərkəzin nəzarətinə tabe etmək idi.

Bu sistem gələcək Fransa bürokratiyasının əsasını təşkil edən mühüm mexanizmlərdən birinə çevrildi.

Rişelye təkcə inzibati idarəçiliklə kifayətlənmirdi. 1626-cı ildə donanma işləri üzrə ali vəzifəyə gətirildikdən sonra Fransanın hərbi-dəniz qüvvələrini gücləndirməyə başladı. Ölkənin dəniz gücünə çevrilməsi, müstəmləkəçilik siyasətinin genişləndirilməsi və Kanadada fransız mövqelərinin möhkəmləndirilməsi onun strateji planlarının mühüm hissəsi idi. Bu məqsədlə 1627-ci ildə Yeni Fransa ərazilərinin inkişafı üçün Yüz Səhmdar Şirkətinin yaradılmasına da dəstək verdi.

Lakin onun iki layihəsi xüsusilə diqqətəlayiqdir. Çünki bunlar ilk baxışdan mədəniyyət sahəsinə aid görünsə də, əslində dövlət hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirdi.

1631-ci ilin mayında Rişelyenin himayəsi altında həkim Teofrast Renodo Fransanın ilk müntəzəm qəzetlərindən biri olan “La Gazette”nin nəşrinə başladı. Kardinal özü də qəzet üçün məqalələr yazırdı. XIII Lüdovikin də anonim şəkildə həmin nəşrdə yazdığı barədə məlumatlar var.

Təsəvvür edin: XVII əsrdə Fransanın baş naziri ölkənin informasiya gündəmini formalaşdırmaqla şəxsən məşğul olurdu. Bu, sadəcə qəzet nəşr etmək deyildi. Rişelye informasiya axınının dövlət idarəçiliyində nə qədər mühüm rol oynadığını anlayırdı. Müasir anlayışla desək, o, dövlətin kommunikasiya və informasiya siyasətinin ilkin mexanizmlərindən birini qururdu.

1635-ci ildə isə Fransa Akademiyasının yaradılmasına təşəbbüs göstərdi. Akademiyanın əsas vəzifələrindən biri fransız dilinin lüğətini hazırlamaq, dil normalarını müəyyənləşdirmək və vahid ədəbi dilin formalaşmasına kömək etmək idi.

Bu təşəbbüsün əhəmiyyəti yalnız ədəbiyyatla məhdudlaşmırdı. O dövrdə Fransanın müxtəlif bölgələrində danışılan dillər və dialektlər bir-birindən ciddi şəkildə fərqlənirdi. Parisdə danışılan fransız dili ilə Qaskoniyada və Normandiyada işlədilən yerli dil formaları arasında nəzərəçarpacaq fərqlər vardı.

Rişelye vahid dilin güclü dövlətin formalaşmasında mühüm vasitə olduğunu anlayırdı. Beləliklə, Paris təkcə siyasi və inzibati mərkəzə deyil, həm də dil və mədəniyyət baxımından ölkənin əsas istinad nöqtəsinə çevrilirdi.

Vahid ordu, vahid vergi sistemi, vahid idarəçilik və vahid dil — bunların hamısı eyni siyasi layihənin tərkib hissələri idi.

Əgər ordu ərazini birləşdirirdisə, vergi sistemi dövlətin maliyyə dayaqlarını möhkəmləndirirdi. Dil isə insanları vahid milli-siyasi məkan daxilində birləşdirməyə xidmət edirdi.

Başqa sözlə, lüğət də müəyyən mənada mühasirə artilleriyası qədər mühüm dövlət alətinə çevrilmişdi. Sadəcə, onun təsiri daha yavaş, lakin daha uzunmüddətli idi.

Dini deyil, dövlət maraqlarını əsas götürən kardinal

Rişelyenin fəaliyyətində ən maraqlı və ziddiyyətli məqam onun dini məsələlərə münasibətidir.

Katolik kilsəsinin kardinalı olan bu şəxs protestantlara qarşı amansız mübarizə aparmaq əvəzinə, bir sıra hallarda onların hüquqlarını qorumağı və hətta onlarla ittifaq qurmağı üstün tuturdu.

1627–1628-ci illərdə Rişelye Fransada protestantlığın mühüm mərkəzlərindən biri olan La-Roşel şəhərini uzun müddət mühasirədə saxladı. Şəhərin Britaniyadan yardım almasının qarşısını almaq üçün körfəzin qarşısında təxminən bir kilometr yarımlıq nəhəng bənd tikdirildi.

Mühasirə 14 aya yaxın davam etdi. Aclıq və xəstəlik nəticəsində şəhərin əhalisi kəskin azaldı. Təxminən 27 min sakindən yalnız 5 minə yaxınının sağ qaldığı bildirilir.

İlk baxışdan bu, dini fanatizmin və protestantlığa qarşı amansız mübarizənin nümunəsi kimi görünə bilər. Lakin Rişelyenin sonrakı addımları onun siyasətinin tamamilə başqa məntiqə əsaslandığını göstərir.

1629-cu ildə imzalanmış Alə sülhü ilə protestantların hərbi-siyasi gücü məhdudlaşdırıldı, qalaları və silahlı qüvvələri əllərindən alındı. Bununla belə, onlara dini etiqad azadlığı saxlanıldı.

Rişelye üçün əsas məsələ insanın hansı dinə inanması deyil, dövlətə qarşı silahlı siyasi güc formalaşdırıb-formalaşdırmaması idi.

Bu yanaşmanın ən parlaq nümunəsi onun xarici siyasətində görünür.

1631-ci ildə imzalanmış Berval müqaviləsinə əsasən Fransa İsveç kralı II Qustav Adolfun rəhbərliyi altında Habsburqlara qarşı mübarizə aparan protestant qüvvələrinə maliyyə dəstəyi göstərməyə başladı. Fransa bu məqsədlə İsveçə hər il təxminən bir milyon livr ödəməyi öhdəsinə götürmüşdü.

1635-ci ildə isə Fransa Otuzillik müharibəyə birbaşa qoşuldu və katolik Habsburqlara qarşı protestant düşərgəsinin tərəfində mübarizə apardı.

Romada Rişelyeni “hugenotların kardinalı” adlandırırdılar.

Burada mühüm siyasi yenilik özünü göstərirdi: Rişelye dövlət maraqlarını dini mənsubiyyətdən üstün tuturdu. O, siyasi ittifaqların dini yaxınlıq əsasında deyil, strateji hesablamalarla qurulmasını əsas prinsipə çevirmişdi.

Onun məntiqinə görə, Fransa üçün təhlükə yaradan katolik Habsburqlara qarşı protestant İsveçlə əməkdaşlıq etmək tamamilə məntiqli idi. Eyni zamanda, Fransa daxilində protestantların dini etiqadına icazə vermək, lakin onların müstəqil hərbi-siyasi güc yaratmasının qarşısını almaq lazım idi.

Bu, müasir dünyada dünyəvi dövlətçilik və milli maraqlar anlayışına yaxın olan siyasi düşüncə tərzinin mühüm nümunəsi idi.

1648-ci ildə, Rişelyenin ölümündən altı il sonra imzalanan Vestfal sülhü Avropada yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasına təkan verdi. Həmin sistemin əsas prinsiplərindən biri dövlət suverenliyi və dövlətlərin öz maraqlarına uyğun siyasət yürütmək hüququ idi. Rişelye bu siyasi düşüncənin formalaşmasına ciddi təsir göstərən xadimlərdən biri sayılır.

Beləliklə, kardinalın mütərəqqi cəhəti siyasəti dini qarşıdurmaların təsirindən çıxararaq dövlət maraqlarını əsas meyara çevirməsində idi.

Vətənpərvərlik, yoxsa dövlət naminə amansızlıq?

İndi isə Rişelyenin vətənpərvərliyinə nəzər salaq.

Şübhəsiz ki, o, Fransanı sevirdi. Ömrünün böyük hissəsini dövlət işlərinə həsr etmiş, xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, son günlərinədək sərəncamlar vermiş və siyasi qərarlar qəbul etmişdi. 57 yaşında vəfat edən kardinalın həyatının son illəri ağır xəstəliklərlə müşayiət olunmuşdu.

Lakin burada əsas sual yaranır: Rişelye Fransa deyəndə nəyi nəzərdə tuturdu? Ölkədə yaşayan insanları, onların rifahını, yoxsa güclü və mərkəzləşdirilmiş dövlət mexanizmini?

Onun hakimiyyəti dövründə birbaşa vergilərin həcmi tarixçilərin hesablamalarına görə təxminən üç dəfə artmışdı. Habsburqlara qarşı aparılan müharibələrin və dövlətin hərbi xərclərinin əsas yükünü isə kəndlilər daşıyırdı.

Bu siyasət xalq arasında ciddi narazılıq doğururdu.

1636–1637-ci illərdə Periqor bölgəsində baş verən krokanlar üsyanı, 1639-cu ildə Normandiyada başlayan «Ayaqyalınlar» üsyanı həmin narazılığın nəticələrindən idi. Üsyanlar nizami ordu vasitəsilə amansızlıqla yatırılır, iştirakçılar edam edilir, bölgələrdə sərt cəza tədbirləri həyata keçirilirdi.

Rişelye köhnə feodal aristokratiyasının siyasi və hərbi gücünü də sistemli şəkildə zəiflədirirdi. 1626-cı ildə kral qalalarının dağıdılması haqqında fərman bu siyasətin mühüm addımlarından biri idi. Həmin il zadəganların şəxsi müharibələr aparmaq və mərkəzi hakimiyyətə meydan oxumaq imkanları məhdudlaşdırıldı.

Duel qadağasının pozulmasına görə 1627-ci ildə qraf Fransua de Monmoransi-Butvilin nümayişkaranə şəkildə edam edilməsi isə aristokratiyaya verilən açıq mesaj idi: heç kimin, hətta ən nüfuzlu zadəganın belə dövlət qanunlarından üstün olmaq hüququ yoxdur.

Şale, marşal de Mariyak və gənc kral favoriti Sen-Mar kimi şəxslərin siyasi intriqalar və sui-qəsd planları nəticəsində məhv edilməsi də Rişelyenin hakimiyyətini qorumaq üçün hansı vasitələrə əl atdığını göstərirdi.

Onun “Siyasi vəsiyyətnamə”sində dövlətə zərər vuran ayrı-ayrı şəxslərə qarşı sərt davranışın ümumi cəmiyyətin mənafeyi naminə zəruri olduğu fikri açıq şəkildə ifadə edilir.

Lakin burada daha bir ziddiyyət vardı. Dövlətin maraqlarını hər şeydən üstün tutan kardinal özü də Fransanın ən varlı şəxslərindən birinə çevrilmişdi. Vəfatından sonra on milyonlarla livrlə ölçülən böyük sərvət qoyub getmişdi.

Rişelye öz şəxsi zənginliyini dövlətçilik fəlsəfəsinə zidd hesab etmirdi. O, özünü dövlətin əsas dayaqlarından biri kimi görürdü və bu mövqedən çıxış edərək şəxsi nüfuzunu, sərvətini və hakimiyyətini qorumağı da siyasi zərurət kimi qəbul edirdi.

Onun vətənpərvərliyi, ilk növbədə, Fransa adlı siyasi quruma — güclü, mərkəzləşdirilmiş və uzunömürlü dövlətə bağlılıq idi. Həmin dövlətin vətəndaşları isə bu böyük layihənin həyata keçirilməsi zamanı çox vaxt ağır bədəl ödəməli olurdular.

Təsadüfi deyil ki, kardinalın ölüm xəbəri yayılanda Fransanın bəzi bölgələrində kəndlilərin tonqallar qalayaraq sevinc içində rəqs etdikləri barədə məlumatlar yayılmışdı.

Aleksandr Düma sonralar “Üç muşketyor” romanında Rişelyeni teatrallığı, hiyləgərliyi və hakimiyyət ehtirası ilə seçilən şər qüvvə kimi təqdim etdi. Bu obraz kardinalın tarixi şəxsiyyətini uzun müddət kölgədə saxladı.

Əslində isə Rişelyenin təhlükəliliyi şəxsi ehtiraslarından daha çox, dövlət maraqlarını mütləqləşdirən siyasi düşüncəsində idi. O, hakimiyyəti emosiyalarla deyil, soyuq hesablamalarla həyata keçirirdi. Onun üçün əsas məsələ konkret insanların taleyi yox, dövlət mexanizminin işləməsi idi.

Rişelyenin mirası: Dövlət insan üçündür, yoxsa insan dövlət üçün?

Beləliklə, Rişelyeni böyük siyasətçi adlandırmaq üçün ciddi əsaslar var. O, siyasi sədaqətin ünvanını dəyişərək dövlət maraqlarını şəxsi münasibətlərdən üstün tutdu.

Onu bacarıqlı idarəçi hesab etmək də mümkündür. Çünki mərkəzləşdirilmiş bürokratiyanın, güclü donanmanın, dövlət mətbuatının və vahid dil siyasətinin inkişafına mühüm töhfə verdi.

Mütərəqqi xadim kimi qiymətləndirilməsinin səbəbi isə dini mənsubiyyəti siyasi ittifaqların əsas meyarı olmaqdan çıxarmağa çalışması, dövlət maraqlarını ön plana çəkməsi idi.

Vətənpərvərliyi də şübhə doğurmur. Ancaq onun vətənpərvərliyi ilk növbədə insanlara deyil, dövlətin özünə — Fransanın siyasi gücünə, nüfuzuna və davamlılığına yönəlmişdi.

Rişelyenin əsas tarixi nailiyyəti müasir dövlətin ideoloji və inzibati mexanizmlərinin formalaşmasına verdiyi töhfədir. Bu gün milyardlarla insanın həyatını müəyyən edən dövlət maraqları, milli təhlükəsizlik, mərkəzləşdirilmiş idarəçilik və vahid informasiya siyasəti kimi anlayışların tarixində onun mühüm yeri var.

Biz onun yaratdığı siyasi ənənənin varisləriyik. Dövlətlərin maraqları naminə qurulan ittifaqlar, müharibələr, vergi sistemləri, informasiya siyasəti və milli kimlik anlayışları bu gün də beynəlxalq münasibətlərin əsasını təşkil edir.

Lakin Rişelyenin mirası qarşısında bir sual açıq qalır: Dövlət insanın təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək üçün mövcuddur, yoxsa insan dövlətin yaşaması və güclənməsi naminə xidmət etməlidir?

Kardinal birinci prinsipdən daha çox ikinciyə üstünlük verirdi.

Bəlkə də onun tarixi böyüklüyü ilə təhlükəliliyi məhz bu nöqtədə birləşir. O, dövlətin necə güclü ola biləcəyini göstərdi, lakin həmin gücün insan qarşısında hansı sərhədləri daşımalı olduğu sualına qənaətbəxş cavab vermədi.

1866-cı ildə Fransa dövləti öz keçmiş nazirinin başını taparaq onu yenidən dəfn etdi. Sanki qurduğu mexanizm öz memarını unutmaq istəməmişdi.

Ancaq bir məsələ hələ də cavabsızdır: Dövlət öz qurucularını xatırlaya bilər. Bəs insanı xatırlayırmı?

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*