“Rafiq Hacıyev daha nə etməlidir ki…”- ƏFLATUN AMAŞOVA MÜRACİƏTbackend

"Rafiq Hacıyev daha nə etməlidir ki..."- ƏFLATUN AMAŞOVA MÜRACİƏT

Sevimli şair Ramiz Məmmədzadə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb. KONKRET.az “Təzadlar”a göndərilən müraciəti təqdim edir:

Azərbaycan Mətbuat Şurasının sədri cənab Əflatun AMAŞOVA

MÜRACİƏT

Hörmətlİ Əflatun müəllim!

Sizin şəxsiyyətinizə, cəmiyyətdəki nüfuzunuza, təəssübkeşliyinizə, savad və bacarığınıza inandığıma rəğmən ünvanınıza bir məktub yazmaq qərarına gəldim və düşünürəm ki, mənim yazdığıma biganə qala bilməzsiniz.

Mətbuatda və ədəbi aləmdə imzası kifayət qədər tanınmış, qələmin qeyrətini çəkən, sözünün sanbalına, siqlətinə həmişə əhəmiyyət verən peşəkar jurnalistlərdən biri də Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmiş, ən azı 50 ildir yazıb-yaradan ziyalımız Rafiq Hacıyevdir.

Təbii ki, cılız, istedadsız, paxıl kəslərdən savayı heç kəs bu sakit və mülayim təbiətli insanın adı gələndə ağız büzməz. O, üç sanballı kitabın (“İstintaqı peşəkarlar aparır” sənədli hekayələr, “Əhsən sənə, Əhsən!..” (görkəmli tarzən Əhsən Dadaşov haqqında) portret-roman, eyni zamanda hal-hazırda nəşrə hazırlanan və Xalq artisti Ramiz Quliyevdən üç dildə (Azərbaycan, rus və ingilis dillərində) söhbət açan “Şəhrizadın…. tarzən Ramiz Quliyev nağılı” portret-povest) və yüzlərlə yazının müəllifidir. Yazıçılar, Jurnalistlər və Rəssamlar ittifaqlarının üzvü olan Rafiq Hacıyev bir sıra ədəbi mükafatların laureatıdır. O çümlədən, Həsən bəy Zərdabi media, Cəfər Cabbarlı, Beynəlxalq Rəsul Rza, Mahmud Qaşqari adına Beynəlxalq və Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatları ona maraqlı publisistik fəaliyyətinə görə verilmişdir.

Rafiq müəllim “Kommunist”in müxbiri, baş müxbiri, məsul katib müavini, “Səhər”, “Azərbaycan”, “Həyat” (keçmiş “Sovet kəndi”) qəzetlərinin məsul katibi, AZƏRTAC-ın müxbiri və məsul redaktoru, “Odlar Yurdu” qəzetinin Baş redaktoru, Baş Prokurorluğun Mətbuat Mərkəzinin məsul əməkdaşı olmuşdur.

İndi o, pensiya yaşına çatmışdır. Əslində qələmdaşların, yaradıcı adamların pensiya yaşına qəti dəxli yoxdur. Pensiya müəyyən, konkret iş yerləri ilə bağlıdır. Yazı-pozu adamlarının işini digər sənət adamları kimi, uca Allahımız özü müəyyənləşdirib. Bu iş yeri ömürlükdür. Rafiq Hacıyev böyük şövqlə, ehtirasla yazır, yaradır və çap olunur.

Hörmətli Əflatun müəllim!

Rafiq Hacıyev daha nə etməlidir ki, ona “Əməkdar jurnalist” adı verilsin? Hələ onu demirəm ki, həyat yoldaşı, ailəli oğlu, gəlini, nəvəsi və yaşı 30 keçmiş digər oğlu (ev şəraiti imkan vermir ki, onu evləndirə) ilə birlikdə qəzalı və köhnə binanın iki otaqlı, darısqal mənzilində yaşayan bu sənət adamına jurnalistlər üçün tikilmiş binalardan ev verilməməsi necə böyük haqsızlıqdır, ədalətsizlikdir…

Inanıram ki, mənim bu məktubuma əhəmiyyət verəcəksiniz.

Bu qədər.

Hörmətlə,

Ramiz MƏMMƏDZADƏ,

Şüvəlan, 24 iyun 2020-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*