Türkiyə televiziyalarında böhran: Eyni aqibət Azərbaycanı da gözləyir?backend

Türkiyə televiziyalarında böhran: Eyni aqibət Azərbaycanı da gözləyir?

Son dövrlər Türkiyənin televiziya sektorunda yaşanan böhran kino və televiziya sənayesinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Serialların reytinqlərinin aşağı düşməsi, bəzi layihələrin vaxtından əvvəl ekranla vidalaşması, istehsal xərclərinin artması, eləcə də aktyor və yaradıcı heyətin maaşlarının gecikdirilməsi sektorda ciddi narahatlıq yaradıb. Türkiyə televiziya bazarında müşahidə olunan bu tendensiyanın Azərbaycan kino və televiziya sənayesinə də təsirsiz ötüşməyəcəyi ehtimal edilir.

Bəs Türkiyə televiziyalarında yaşanan böhran Azərbaycan teleməkanında da təkrarlana bilərmi? Yerli televiziya kanalları mümkün böhranın qarşısını almaq üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan kino tənqidçisi və ssenarist Nadir Bədəlov hesab edir ki, Türkiyə televiziya sektorunda yaşanan problemlərin əsas səbəblərindən biri reklam bazarındakı vəziyyətlə bağlıdır.

Onun sözlərinə görə, internet və mobil texnologiyaların inkişafı, süni intellekt əsaslı proqramların geniş yayılması yeni nəsillərin maraqlarını və həyat tərzini dəyişir:

“İqtisadi tərəfdən yanaşanda, məncə, hər şey reklam sektoru ilə bağlıdır. Bildiyimə görə, Türkiyə televiziyalarında məhz bu istiqamətdə böhran yaşanır. Digər tərəfdən, internetin, telefon imkanlarının genişlənməsi, süni intellekt istiqamətində yeni proqramların artması yeni nəsillər, yeni maraqlar və həyat tərzi formalaşdırır. Ancaq ‘yeni’ anlayışını yalnız müsbət mənada işlətmək istəməzdim. Uğurlu cəmiyyətlər yeniliklərlə yanaşı, böyük ənənələri qoruyub saxlamaq məsuliyyətini də unutmurlar”.

Kino tənqidçisi Azərbaycan televiziyalarında da oxşar böhranın yaşana biləcəyini istisna etməyib. Bununla belə, onun fikrincə, böhran hər zaman mənfi nəticələrlə məhdudlaşmır, eyni zamanda yeni ideyaların və inkişaf yollarının axtarışına təkan verə bilər.

N.Bədəlov hesab edir ki, Azərbaycan televiziya sənayesi xarici ölkələrin nəhəng studiyalarını təqlid etmək əvəzinə, öz yaradıcılıq istiqamətini müəyyənləşdirməlidir:

“Niyə biz yalnız dünyadakı nəhəng studiyaları özümüzə nümunə götürməliyik? Bu yolla həmişə onların ardınca qaçacağıq və heç vaxt onlara çata bilməyəcəyik. Son illər televiziyalarımızda yaradıcılıq və orijinal ideyalar görmürəm. Bir neçəsini istisna etməklə, serialların səviyyəsini də qənaətbəxş hesab etmirəm”.

O, Azərbaycan televiziya məkanında ciddi yaradıcılıq dönüşünün baş verəcəyinə ümid etdiyini bildirib.

Kino tənqidçisi, həmçinin kino sahəsinin televiziya sektorundan fərqli xüsusiyyətlərə malik olduğunu vurğulayaraq, bu istiqamətin ayrıca müzakirə edilməli olduğunu qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*