Ramiz Mehdiyevin Bankı BAĞLANDIbackend

Ramiz Mehdiyevin Bankı BAĞLANDI

Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.

KONKRET.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, Bank “BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Bank “BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.

Qeyd edək ki, Bank “BTB” ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.

Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.

Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Bank “BTB” ASC-nin lisenziyasının ləğv edilərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi uğurla tamamlanıb.

“T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata keçirəcək.

Xatırladaq ki, “Bank BTB”nin əsas səhmdarı 76.7 faiz payla Prezident Administrasiyasının sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz), bankın Müşahidə Şurasının sədri də eyni zamanda Rza Sadıq idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*