Rasim Quliyev: “Mənim sərəncamımdan əvvəl 4 mərtəbə qaldırılmışdı” – MƏHKƏMƏbackend

Rasim Quliyev: "Mənim sərəncamımdan əvvəl 4 mərtəbə qaldırılmışdı" - MƏHKƏMƏ

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.

KONKRET.az xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Bu gün baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırıb.

R.Quliyev deyib ki, ona qarşı irəli sürülən ittihamlardakı məqamlar yalnız vəzifə səlahiyyəti, vəzifəsi olan şəxslər tərəfindən törədilə bilər:

“Amma işdə olan rəsmi məktublardan görünür ki, mən səlahiyyətli şəxs olmamışam və mənə verilən ittiham maddələri düzgün deyildir”.

Prokuror bu zaman arayışla çıxış edib. Deyib ki, Rasim Quliyevə qarşı irəli sürülən ittiham vəzifə səlahiyyətlərini aşaraq həmin sərəncamı imzalamasıdır.

Təqsirləndirilən şəxsin vəkili isə deyib ki, ittihamda “vəzifə səlahiyyətini mənimsəmə və ya səlahiyyətləri aşma” yox, “vəzifə səlahiyyətlərindən sui-istifadə” göstərilir. Rasim Quliyevin digər vəkili Rəsul Yusifbəyli də etiraz edib:

“Bakı Şəhər İcra Hakimiyyəti sizin üçün nədir? Gələn istənilən səlahiyyətləri götürür? Hacıbala Abutalıbova müavin vəzifəsinə adam tapmayıblar, Rasim Quliyevə tapşırıblar. Hələ Hacıbala Abutalıbov deyib ki, “sənə səlahiyyətləri verirəm, nəzarəti özümdə saxlayıram”.

Qeyd edək ki, prosesdə zərərçəkmiş qismində tanınan Bakı Şəhər İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri məsələ ilə bağlı hələlik bir söz deyə bilməyəcəklərini bildiriblər. Hakim hər iki qurumun nümayəndəsinə növbəti məhkəməyə qədər bütün rəsmi sənədlərin təqdim edilməsini istəyib.

Daha sonra Rasim Quliyev ifadəsini davam etdirərək bildirib ki, Dilarə Əliyeva küçəsində tikinti aparılması üçün 2015-ci ilədək bütün sənədləşmələr aparılıb:

“Tikinti işləri aparılması üçün sərəncam, inşaat pasportu, ayrıc aktı, şəhərsalma əsaslandırılması, xüsusi nişan, eskiz layihəsi və s. sənədlər həmin vaxtdan hazırlanıb. Burada mənim imzaladığım deyilən sərəncama nə ehtiyac var idi? Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Nəsimi Rayonu Dilarə Əliyeva 141-də mənim sərəncamımdan əvvəl 4 mərtəbə qaldırılmışdı. Mənim sərəncamımdan sonra yəni 4 ay müddətində isə beşinci mərtəbədə bir balaca atma işləri aparılıb”.

R.Quliyev ifadəsində sabiq mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Baş nazirin sabiq müavini Hacıbala Abutalıbova sözügedən tarixi əhəmiyyətli binalarla bağlı məktub göndərildiyini deyib:

“Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətli bina kimi dövlət nəzarətinə götürülüb. Qış parkında aparılan tikinti zamanı ağır tonajlı maşınların hərəkəti səbəbindən həmin binaya ziyan dəyib”.

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib və həmin ərazidə ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə prosesi sentyabrın 20-də saat 14:30 -da davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*