backend

"Rəisinin andiçmə mərasiminə qatılmayın" - Beynəlxalq Əfv Təşkilatından ÇAĞIRIŞ

Beynəlxalq Əfv Təşkilatı və İran İnsan Haqları Təşkilatı İbrahim Rəisinin andiçmə mərasimi ilə bağlı bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, hər iki sənəd andiçmə mərasiminə nümayəndə göndərən ölkələrə ünvanlanıb.

Beynəlxalq Əfv Təşkilatının bəyanatında İbrahim Rəisinin insanlığa qarşı cinayətdə ittiham olunduğu vurğulanır. Sənəd müəllifləri onun fəaliyyətinin araşdırılmasını tələb edir.

“İbrahim Rəisi ilə bağlantısı olan cinayətlərə qiymət vermək üçün BMT-nin İnsan Haqları Şurası müstəqqil tədqiqat qrupu yaratmalıdır.

“İbrahim Rəisinin andiçmə mərasimi İnsanlığa qarşı cinayətlərin kölgəsində keçirilir, o, 1988-ci ildə, ondan öncə və ondan sonrakı insanlığa qarşı cinayətlərdəki roluna görə, mühakimə olunmalıdır”-deyə, Beynəlxalq Əfv Təşkilatının bəyanatında bildirilir.

Beynəlxalq Əfv Təşkilatı Avropa Birliyinin andiçmə mərasiminə nümayəndə göndərmək niyyətini qınayıb:

“İran hökuməti həyata keçirdiyi mühakiməsiz edamlara, işgəncələrə və digər cinayətlərinə görə cəzasız qalmamalıdır. Beynəlxalq birlik, o cümlədən özünün nümayəndəsi Erika Moranı andiçmə mərasiminə göndərmək niyyətində olan Avropa Birliyi bununla bağlı mövqe və öhdəliklərini açıq şəkildə nümayiş etdirməlidir”.

Mərkəzi Qərargahı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı da bəyanat yayaraq İbrahim Rəisinin 1988-ci ildə və ondan öncə və ondan sonrakı cinayətlərini xatırladıb, dünya liderlərini cinayətkarlardan uzaq durmağa, əxlaqi vəzifələrini yerinə yetirərək Rəisinin andiçmə mərasimini boykot etməyə çağırıb.

“İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək insanlığa qarşı cinayətlərdə ittiham olunan bir şəxsin hakimiyyətinin legitimliyini tanımaqdır. Rəisinin andiçmə mərasimi ilə eyni vaxtda onun əlaltılarından biri siyasi məhbusların qətliamındakı roluna görə mühakimə olunur”-deyə, İran İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm yazıb.

Qeyd edək ki, avqustun 5-də İ.Rəisinin andiçmə mərasimi keçiriləcək. İranın 8-ci prezidenti kimi fəaliyyətə başlayacaq İbrahim Rəisinin keçmişi insanlığa qarşı cinayətlərlə zəngindir. Müstəqil ekspertlər qara və qanlı keçmişinə görə İ.Rəisinin prezidentlik dövrünün daha ciddi böhranlarla müşayiət olunacağını deyirlər.

Qeyd edək ki, 1988-ci ildə İran-İraq arasındakı 8 illik savaşa son qoyulması məqsədilə BMT-nin 598 saylı qətnaməsini qəbul etmək məcburiyyətində qalan və savaşdan məğlub kimi çıxan İran rejimi, ölkə zindanlarında saxlanılan siyasi məhbuslara qarşı ağlasığmaz cinayət planını həyata keçirib.

Belə ki, o vaxtkı “dini lider” ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və göstərişi ilə o dövrdə 4 nəfərin, yəni şəriət hakimi Hüseynəli Nəyyeri, ölkə prokuroru Murtuza Eşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədinin iştirakı ilə “Ölüm heyəti” deyilən bir qurum yaradılıb.

Həmin quruma ölkə zindanlarında saxlanılan və hələ də öz siyasi əqidə və mövqeyinə israr edən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti verilib.

Bunun ardınca ölkə həbsxanalarının qapıları 3 ay müddətinə məhbus ailələrinin üzünə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar, o cümlədən də xalq mücahidləri və kommunistlər “Ölüm heyəti” tərəfindən yenidən dindirilib.

2-3 dəqiqə sürən hər bir dindirilmədə “Ölüm heyəti”nin üzvləri əvvəlki siyasi əqidəsinin üstündə duran və tövbədən imtina edən məhbusları başqalarından ayırıblar.

Bununla da minlərlə günahsız məhbus, qısa bir zaman kəsiyində kütləvi şəkildə gülləbaran edilib, yaxud da dar ağacından asılıb.
Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*