ABŞ Prezidenti Donald Trampın İranla müharibə fonunda yürütdüyü siyasət ölkə daxilində ciddi narazılığa səbəb olub. Müharibənin iqtisadi nəticələri, enerji bazarında yaranan böhran və artan inflyasiya Ağ Ev administrasiyasının mövqelərini zəiflədən əsas amillər kimi qiymətləndirilir. Respublikaçıların Konqresə keçirilən aralıq seçkilərdə ağır məğlubiyyətə uğraması isə Trampın siyasi gələcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.
Bəs İranla müharibə ABŞ prezidentinin hakimiyyətdəki mövqelərini sarsıda və siyasi karyerasının sonunu yaxınlaşdıra bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə respublikaçıların ağır məğlubiyyəti Tramp üçün sonun başlanğıcı ola bilər.

“Seçkilərdən sonra respublikaçıların əsas siyasi rəqibləri olan demokratların Konqresin hər iki palatasında – Nümayəndələr Palatası və Senatda üstünlük qazanmaları qarşıdakı iki il ərzində Trampın həm daxili, həm də xarici siyasəti həyata keçirmək imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
Gələn ilin dövlət büdcəsinin müəyyənləşdirilməsi, eləcə də İranla müharibənin davam etdirilməsi üçün Trampın demokratların üstünlük təşkil etdiyi Konqreslə razılığa gəlməsi inandırıcı görünmür”.
Elşən Manafovun fikrincə, yaranmış vəziyyət Tramp administrasiyasının müxtəlif innovativ, kəşfiyyat və elmi-tədqiqat mərkəzlərinin xəbərdarlıqlarına baxmayaraq, İsrailin təsiri ilə İranla müharibəyə başlamasının nəticəsidir.
“Artıq Tramp və onun yaxın ətrafı da bu siyasətin doğurduğu problemlərlə üzləşir. Respublikaçıların ənənəvi olaraq qalib gəldikləri ştatlarda belə məğlubiyyətə uğraması amerikalıların İranla müharibəyə görə artan narazılığının göstəricisidir.
Qlobal enerji böhranını dərinləşdirən müharibə ABŞ-da yanacağın qiymətinin kəskin artmasına və inflyasiyanın yüksəlməsinə səbəb olub. Bu vəziyyət istehlak bazarına da mənfi təsir göstərib. Nəticədə amerikalıların gündəlik xərcləri artıb, lakin gəlirlərində müvafiq yüksəliş baş verməyib.
İlkin hesablamalara əsasən, İranla müharibə ABŞ-a təxminən 47 milyard dollara başa gəlib. Bu məbləğə İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi raket zərbələri nəticəsində dağıntıların aradan qaldırılması və həmin obyektlərin bərpası üçün tələb olunacaq vəsait daxil deyil”.
Politoloq hesab edir ki, respublikaçıların seçkilərdəki məğlubiyyəti amerikalı seçicilərin Trampın siyasətinə etimadının azalmasını nümayiş etdirir.
“Bununla belə, prezident məğlubiyyətin məsuliyyətini üzərinə götürmək istəmir. Tramp siyasi revanş əldə etmək niyyətindədir və bu məqsədlə İrana qarşı yeni addımlar atması da istisna deyil.
Hörmüz boğazının açılması və dünya logistika marşrutlarında əvvəlki nizamın bərpası Tramp üçün həm geosiyasi, həm də daxili siyasi dividendlər qazandıra bilər. O, İranın nüvə obyektlərinə endirilən zərbələr vasitəsilə beynəlxalq müstəvidə dəstək qazanaraq hakimiyyətdəki mövqelərini möhkəmləndirməyə çalışa bilər”.
Manafov diqqətə çatdırıb ki, məsələdə başqa mühüm amil də mövcuddur. Onun sözlərinə görə, qlobalist qüvvələr hazırkı şəraitdə İsrailin maraqlarına güzəştə getməkdənsə, ABŞ-ın Ukraynanı dəstəkləməsinə üstünlük verə bilərlər.
“Demokratlar Konqresdə qazandıqları üstünlükdən istifadə edərək Trampın İranla müharibənin davam etdirilməsi üçün tələb edəcəyi maliyyə dəstəyinə qarşı çıxa bilərlər. OTrampın administrasiyada aparacağı kadr dəyişiklikləri də anti-İran koalisiyasının formalaşmasına ciddi təsir göstərməyəcək”.
Beləliklə, Elşən Manafovun qənaətinə görə, İranla müharibənin iqtisadi və siyasi nəticələri Trampın daxili siyasi mövqelərini zəiflədə, Konqreslə münasibətlərini daha da gərginləşdirə və qarşıdakı dövrdə onun siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Aynurə İsmayıl
KONKRET.az
