ABŞ və Tehran arasında davam edən gizli diplomatik təmaslarda müəyyən irəliləyişlərin olduğu açıqlanıb. ABŞ Dövlət katibi Marko Rubio CNN telekanalına verdiyi müsahibədə Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində konkret addımların atıldığını bildirib.
Dövlət Departamentinin rəhbəri qeyd edib ki, mesajların ötürülməsində vasitəçi ölkələr fəal iştirak edir və hazırda “müəyyən konkret tərəqqi” müşahidə olunur.
KONKRET.az xəbər verir ki, Rubio təhlükəsizlik və diplomatiya prinsiplərinə uyğun olaraq, İran tərəfindən dialoqun konkret olaraq kiminlə aparıldığını açıqlamayıb. O, danışıqlar prosesinin “davamlı və dinamik xarakter” daşıdığını xüsusi vurğulayıb. Dövlət katibi həmçinin bildirib ki, Hörmüz boğazında gəmiçiliyin bərpası təkcə ABŞ-ın deyil, digər dövlətlərin də maraqlarına uyğun olmalıdır.
“Digər dövlətlər oradan bizimlə müqayisədə xeyli çox yanacaq alırlar”, – deyə Marko Rubio beynəlxalq ictimaiyyəti regionda dəniz ticarətinin təhlükəsizliyi üçün daha aktiv olmağa çağırıb.
Natiq Səlim,
KONKRET.az
