Rus səyyahı Konyuxov nəhəng yaxtada altıncı dünya səyahətinə çıxacaq – şəkillər
633
Rusiyalı səyyah Fyodor Konyuxov yeni tikdirməyə başladığı nəhəng yaxtada dünya ətrafına növbəti səyahətə çıxmağı planlaşdırır. Konkret.az xəbər verir ki, dünən o, bu barədə Sevastopol sakinləri ilə görüşərkən deyib.
“Hazırda dünyanın ətrafını dolanmaq və doqquz dünya rekordunu qırmaq üçün 76 metr uzunluğu olan böyük yaxta tikdirmək istəyirəm”, – o deyib.
Konyuxov bu yolu limanlara girmədən, 80 gündən də az vaxtda qət etmək niyyətindədir.
Bundan başqa, səyyahn oğlu Oskar Konyuxov atasının planları barədə məlumat verərək deyib ki, o, Sarı dənizin dibindən rus-yapon müharibəsi zamanı həlak olmuş admiral Stepan Makarovun və rəssam Vasili Vereşaginin qalıqlarını çıxarmağı düşünür. “Petropavlovsk” zirehli gəmisinin qəzaya uğradığı yerə ekspedisiya göndərilməsi 2020-ci ildə nəzərdə tutulub.
Bu il may ayının 9-da 67 yaşlı səyyah Şeypur burnuna və Cənubi Amerikanın, Çilinin ən cənub nöqtəsinə çatıb. Bununla da o, öz dünya səyahətinin birinci mərhələsini yekunlaşdırıb. Konyuxov Yeni Zelandiyadan Çiliyə yolu təkbaşına avarlı qayıqda qət edən ilk adamdır.
Həmin ay o, hava şarında, qayıqda və günəş enerjisi ilə işləyən təyyarədə ekspedisiya təşkil edəcəyini anons edib.
Fyodor Filippoviç Konyuxov 1951-ci ildə Ukraynanın Zaporojye vilayətinin Priazovsk rayonunun Çkalovo kəndində doğulub. Səyyah, yazıçı, rəssam, alpinist, yaxtsmen və ruhanidir.
O, beş dəfə təkbaşına dünya ətrafına dolanıb, 17 dəfə Atlantik okeanından üzüb keçib.