Cənubi Afrika Xarici İşlər Nazirliyi avqustda keçiriləcək BRİKS sammitinin iştirakçılarına diplomatik toxunulmazlıq zəmanəti verib. Bu baxımdan Putinə də zəmanət verilib və onun Beynəlxalq Cinayət Məhkəməsinin qərarına rəğmən həbs olunmayacağı bildirilib.Amma digər tərəfdən nazirlik izah edib ki, BRİKS toplantısı və sammiti iştirakçılarına verilən diplomatik toxunulmazlıq beynəlxalq məhkəmələrin orderlərinə şamil edilmir. Bu ziddiyyət fonunda Putin qorxmadığını və sammitdə iştirak edəcəyini açıqlayıb. Bəs görəsən,Putin üçün real həbs təhlükəsi varmı ?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Cənubi Afrika Respublikası həm Briks çərçivəsində, həm də ikitərəfli qaydada Rusiya ilə yaxından əməkdaşlıq edir və geniş əlaqələrə malikdir: “Beynəlxalq Cinayət Məhkəməsinin bir sıra qərarları ilə bağlı Cənubi Afrika Respublikasının daha öncə də nümayiş etdirdiyi mövqeyi nəzərə alsaq, o zaman Rusiya prezidenti üçün hansısa təhlükənin olmayacağını deyə bilərik. Eyni zamanda nəzərə almaq lazımdır ki, Briks Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikalarından ibarətdir. Bu təşkilatda təmsil olunan dövlətlərin hər birinin Rusiya ilə geniş əlaqələri mövcuddur. CAR-ın bu kontekstdən Rusiya prezidenti ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi qərarı yerinə yetirəcəyi inandırıcı görünmür”.

Politoloqun sözlərinə görə, bu ilin aprel ayında Cənubi Afrika Prezidenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxacağını bəyan etmişdi. Amma bununla bağlı heç bir əməli addım atılmadı: “Bununla paralel olaraq başqa bir analoji hal da mövcuddur. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statusunda bu, birinci hal deyil. Daha öncə, yəni 2016-cı ildə belə bir qərar qəbul olunmuşdu. O zaman Sudan prezidenti Ömər Əl Bəşirin həbsi ilə bağlı qərar verilmişdi. Amma Ömər Əl Bəşir Afrika İttifaqının CAR-da keçirilən sammitinə qatılmışdı. Cənubi Afrik Respublikasının hökuməti isə onu həbs etməkdən boyun qaçırmışdı. Yəni manipulyativ şəkildə həbsdən yayınmaq mümkün olmuşdu. Bu baxımdan indiki şəraitdə Briksin toplantısında Rusiya prezidenti ilə bağlı həbs qərarının icra olunacağını düşünmürəm. Bu, hüquqi yox, siyasi motivli qərar kimi qiymətləndirilir. Cənubi Afrika Respublikasının xarici işlər nazirliyinin açıqlamasında da balansın gözlənilmədiyini əks etdirən fikirlər yer alıb. Düşünürəm ki, Rusiya bu amilləri nəzərə alaraq Putinin Briks sammitində iştirakına razılıq verib”.
Müşviq Tofiqoğlu,
KONKRET.az