Rusiyadan Ermənistana AĞIR ZƏRBƏ: “Cermuk”la bağlı QƏRAR VERİLDİbackend

Rusiyadan Ermənistana AĞIR ZƏRBƏ: "Cermuk"la bağlı QƏRAR VERİLDİ

Rusiyanın Federal İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti – Rospotrebnadzor Ermənistanın “Jermuk Group” şirkətinə məxsus “Cermuk” mineral suyunun satışına əlavə məhdudiyyətlər tətbiq edib.

KONKRET.az xəbər verir ki, qurumdan verilən məlumata görə, “Çestnıy znak” markalama sisteminin operatoruna ümumilikdə daha 64,5 milyon ədəd məhsulun satışının dayandırılması barədə göstəriş verilib.

Məhdudiyyətlərin tətbiqinə səbəb məhsullar üzərində aparılan keyfiyyət yoxlamalarının nəticələri olub. Yoxlamalar zamanı suda hidrokarbonat-ionu, xlorid və sulfat maddələrinin normadan artıq olduğu aşkarlanıb.

Rospotrebnadzor hesab edir ki, bu cür uyğunsuzluqlar istehlakçıları suyun müalicəvi xüsusiyyətləri ilə bağlı çaşdıra və potensial olaraq insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Qurumun məlumatına əsasən, 2026-cı ilin əvvəlindən etibarən “Çestnıy znak” sistemi vasitəsilə artıq 38,4 milyon ədəd “Cermuk” suyunun pərakəndə satış şəbəkələri və onlayn platformalarda dövriyyəsi bloklanıb.

Mayın 23-də isə Rospotrebnadzorun qərarı ilə 37 milyon butulka “Cermuk” suyunun satışının dayandırıldığı açıqlanmışdı. Qadağa mineral, təbii, müalicəvi-süfrə, qazlı və müxtəlif əlavəli içməli sulara şamil olunub.

Məhsullar 0,33 litr, 0,5 litr, 1 litr və 1,5 litrlik plastik və şüşə qablarda istehsal edilirdi.

Məhdudiyyətlər 2026-cı il mayın 22-dən qüvvəyə minib.

Rospotrebnadzor bildirib ki, məhsulların tərkibi etiketdə göstərilən məlumatlara uyğun gəlmir və bu, Avrasiya İqtisadi İttifaqının “Qablaşdırılmış içməli suyun, o cümlədən təbii mineral suyun təhlükəsizliyi haqqında” texniki reqlamentinin tələblərinin pozulması hesab olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*