Rusiyanın Rostov şəhərində baş verən güclü qasırğa ağır fəsadlara səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Skryabin məlumat verib.
O bildirib ki, güclü leysan və fırtınalı külək nəticəsində 100-dən çox insident qeydə alınıb. Aşmış ağaclar yollardan təmizlənir, su təchizatı tam bərpa olunub, elektrik enerjisinin verilişi istiqamətində işlər aparılır.
Məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qasırğa və leysan yağışları Rostov vilayətinin bir sıra şəhərlərində infrastrukturun işini iflic edib. Rostov, Azov, Bataysk, Taqanroq və Şaxtı şəhərlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Novoçerkasskda isə su təchizatında problemlər qeydə alınıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar da fırtınanın regionun həyat təminatı sistemlərində ciddi fasilələrə yol açdığını bildirib.
Günay Əli
KONKRET.az
