ABŞ tərəfindən ələ keçirilən rusiyalı oliqarx Süleyman Kərimovun yaxtasında “Faberje yumurtası” tapılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru, ədliyyə nazirinin birinci müavini Liza Monako deyib.
Monako rus oliqarxa məxsus super yaxtada əməliyyatın təfərrüatları barədə məlumat verib:
“Gedək ən maraqlı hissəyə, yaxtalara. Bu yaxtalardan birində “Faberje yumurtası” tapdıq”
O, sözügedən yaxta ilə bağlı daha ətraflı məlumat verməyib, ancaq qeyd edib ki, rus oliqarxa məxsus yaxta keçən ay Ficidən ayrılaraq San Dieqoda lövbər salıb.
Monako bildirib ki, əgər yumurta saxta deyilsə, bu, dünyada qiyməti milyonlarla dollar dəyərində olan bir neçə yumurtadan biridir.
Qeyd edək ki, “Faberje yumurtası” – 1885-1917-ci illər ərəfəsində Faberje Evi tərəfindən Rusiya çarları üçün hazırlanan silsilə zərgərlik məmulatıdır. Bu dəyərli əşyanın 71 nüsxəsi məlumdur, onlardan 54-ü imperator ailəsinə məxsus olub. Bu gün onlardan 48-i qalıb.
Xatırladaq ki, rus oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollar dəyərindəki “Amadea” lüks yaxtası mayın 5-də Ficinin Lautoka bölgəsində ABŞ Ədliyyə Departamentinin və Federal Təhqiqat Bürosunun dəstəyi ilə Fici hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib.
İqbal Rzayev,
KONKRET.az
